Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir.
Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalıb. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin — türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilməkdədir.