Şotlandiyada erməni terroruna qarşı etiraz aksiyası keçirilib - FOTO

31 Oktyabr 2020 20:44 (UTC+04:00)

Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Saint Nicholas kilsəsinin qarşısında icazəli aksiya keçirib.

SİA Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.

Aberdin şəhərində təhsil alan gənclərin və Azərbaycanlı İcmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kassetli bombalar vasitəsi ilə Bərdə şəhərinin dinc əhalisini hədəf almasına biganə qalmamağa səsləyib.

Aksiyada Gəncə və Bərdə terrorunun qurbanlarının xatirəsi yad edilib. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır “Uşaq ölümünə son”, “Erməni terrorçuluğuna son!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.