"Ermənistan işğal altında olan torpaqlardan Azərbaycan mədəniyyətinin izlərini sistematik şəkildə silib" - "Modern Diplomacy"

30 Oktyabr 2020 22:43 (UTC+04:00)

"Modern Diplomacy" Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mədəni irsinin sistematik şəkildə məhv edilməsinə dair məqalə dərc edib.

SİA-nın məlumatına görə, "Dağlıq Qarabağın mədəni irsinin məhv edilməsi" başlıqlı məqalədə müəllif bildirir ki, işğal olunmuş ərazidəki mədəniyyət və dini abidələrin dağıdılması beynəlxalq hüquq normalarına görə hərbi cinayət sayılır.

Müəllif həmçinin qeyd edir ki, Ermənistan mövcud mədəniyyətin izlərini məhv etməklə ərazi üzərində nəzarəti gücləndirmək istəyib:

"Məsələn, 30 il erməni işğalından sonra 20 oktyabrda Azərbaycan tərəfindən azad edilən Zəngilan Ermənistan tərəfindən tanınmaz dərəcədə dəyişdirilib. Zəngilanın tarixi məscidi donuz sığınacağına çevrilib".

Müəllif bildirir ki, 1990-cı illərdə münaqişə zamanı bir milyona yaxın azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qalmasından sonra, Ermənistan mütəmadi olaraq işğal altında olan torpaqlardan Azərbaycan mədəniyyətinin izlərini sistematik şəkildə silib.