Döyüş meydanında nə baş verir? TƏHLİL

30 Oktyabr 2020 14:58 (UTC+04:00)

“Azərbaycan ordusu Şuşadan cəmi bir neçə, maksimum 5 kilometr məsafədədir. Əsas hədəfləri Şuşanı tutmaq, Şuşanı geri qaytarmaqdır”, deyə qondarma Daqğlıq Qarabağ Respublikasının rəhbəri Arayik Arutyunyan öz Facebook səhifəsində yazıb. Bu paylaşımla qondarma rejim rəhbəri əslində, Azərbaycan Ordusunun qarşısından erməni hərbçilərinin qaçdığını və döyüşlərin artıq ən azından Şuşa ətrafında, bu şəhərin yaxınlığında getdiyini etiraf edib. Halbuki, Dağlıq Qarabağda işğal altında olan mövqeləri, yaşayış məntəqələrini, şəhərləri şanlı ordumuzun işğaldan azad etdiyi, geri qaytardığı barədə məlumatları Ermənistan tərəfi bu vaxta qədər təkzib edib, dezinformasiyalar yayaraq öz vətəndaşlarını aldadıb.

Qondarma rejm prezidentinin paylaşımından bir saat sonra, Müdafiə Nazirliyinin nümayəndəsi Arsrun Ovannisyan tərəfindən brifinq keçirilib və bildirilib ki, cənub hissədə, Araz sahillərinə qədər cəbhə xətti istiqamətində müəyyən döyüş əməliyyatları baş verib, guya Ermənistan Silahlı Qüvvələri müəyyən mövqeləri yaxşılaşdırmağı bacarıb. Əvvəla, Azərbaycan Ordusu hər gün yeni-yeni mövqeləri, yaşayış məntəqələrini işğaldan azad edir, həmin yerlərdə Azərbaycan bayrağını sancır və bu faktlar videogörüntülərdə də öz əksini tapır. Bu görüntülərin, təkzibedilməz faktların fonunda Ermənistan hakimiyyəti xalqa mövqelərinin yaxşılaşdırılması xəbərini verir və izah da etmir ki, bu necə olur. Necə olur ki, Azərbaycan Ordusu irəliləyir, amma bu dığalar mövqelərini yaxşılaşdırırlar? Əgər, erməni əsgərlərinin döyüş meydanından geriyə qaçaraq arxada gizlənməsini, döyüş meydanını qoyub qaçmasını, özünə daldalanacaq tapıb orada gizlənməsini nazirlik nümayəndəsi mövqelərin yaxşılaşdırılması hesab edirsə, bu başqa məsələ. Amma başqa istənilən rakursda yalan danışır, növbəti dəfə daxili auditoriyanı, erməni xalqı dedikləri kütləni aldadır.

Bəlkə də Ovannisyana elə gəlir ki, o aldada bilir Ermənistan vətəndaşlarını. Ola bilsin, hələ də xam xəyallar içərisindədir ki, ermənilər onun sözlərinə inanır, amma belə olan halda yalnız özünü aldadır. Çünki, sosial şəbəkələrin erməni seqmentində indi tamam başqa müzakirələr gedir və bu heç də Arsrun Ovannisyanın fikirləri, mövqeyi ilə üst-üstə düşmür. Məsələn, sosial şəbəkələrdə bir qrup erməni əsilliləri, Ermənistan vətəndaşları konkret olaraq mövcud hakimiyyətə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər barədə faktlar, fotoşəkillər, videogörüntülər təqdim edirlər. Bu isə ondan xəbər verir ki, erməni cəmiyyəti heç də Paşinyanların, Arutyunyanların, Ovannisyanların yalanlarına inanmır. Bir də axı, sadalanan səlahiyyətlilər onların öz içindən çıxıblar, xislətlərinə, yalançılıqlarına hamıdan yaxşı bələddirlər və qeyd olunan faktları görən, şahidi olanlar bununla bağlı arqumentli suallar ünvanlayırlar öz ölkələrinin hakimiyyətinə, səlahiyyətlilərinə.
Bununla yanaşı ermənilər indi hakimiyyət nümayəndələrinin, səlahiyyətlilərin öz sözlərindən çıxan məntiqi nəticələri də arqument şəklində onların qarşılarına qoyurlar. Elə Arutyunyanın Facebook səhifəsindəki paylaşımını Ovannesyana yerindəcə çatdırırlar və haqlı olaraq bildirirlər ki, onların fikirləri üst-üstə düşmür. Yəni, Şuşa ətrafında, 5 kilometr məsafədə Azərbaycan Ordusunun yerləşməsi paylaşımı ilə cəbhənin cənib hissəsində döyüşlərdə erməni əsgərlərinin mövqeyindən Ovannesyanın dəm vurması erməni cəmiyyətinə də gülünc görünür ki, bunu da açıq-aşkar bildirirlər. Məsələn, indi erməni cəmiyyətində sual yaranır ki, Ermənistan ancaq cənub istiqamətində döyüşlər aparırsa, cənubdakı mövqelərini yaxşılaşdırmağı bacarıbsa, düşmən Şuşanin ətrafına necə çatıb? Axı ermənilər özləri də bilirlər ki, Şuşaya gedən yol cənubdan keçir və Azərbaycan Ordusu Şuşaya çatmaq üçün heç olmasa bu hissədə irəliləməli idi. Deməli, yaxşı başa düşürlər ki, əvvəla döyüş həm cənub istiqamətində, həm də şimal istiqamətində gedir və ordumuz cənub istiqamətində qələbələrə imza atır, uğurlarını, ərazilərin işğaldan azad edildiyini sancdığı bayraqları ilə təsdiqləyirlər, amma Ermənistan hakimiyyəti, səlahiyyətlilər sadəcə onları ələlxüsus mövqelər barədə aldadırlar.

Cəbhədə nə baş verdiyini detalları ilə söyləmək çətindir, amma bu reallıqdır və bunu demək asandır ki, bütün çətinliklərə, düşmənin namərdcəsinə qurduğu istehkamlara baxmayaraq Azərbaycan Ordusu durmadan irəliləyir, işğal altında olan torpaqları işğaldan azad edir və bu Ermənistan ictimaiyyətində birmənalı qarşılanmır, hakimiyyətə qarşı istefa tələbi ilə özünü biruzə verir. İndi artıq erməni baş naziri Nikol Paşinyana öz səlahiyyətlərini təhvil verilməsi təklifi, daha doğrusu tələbi irəli sürülür. Təbii ki, cəmi bir neçə gün küçədə hay-küy salmaqla hakimiyyəti ələ keçirən, ələ keçirdiklərinin imkanları hesabına da özü üçün yuxusuna girməyən yaşayışı, maddi vəsaitləri qanunsuz şəkildə mənimsəyən bir adam üçün də bu tələblə barışmaq çətindir və ölkəsinin məğlubiyyət xəbərlərini də daxili auditoruyadan bu səbəblə gizlədir. Yaxud da özünə lazım olan şəkildə dezinformasiyalar yayır ki, kütlənin zərbəsindən yayına bilsin. Axı o bu kütlənin narazılıqlarına yaxşı bələddir. Bundan öncəki rejimin devrilməsində, hakimiyyət çevrilişində yaxından iştirak edən, ona rəhbərlik edən birinin kütlənin, özü də erməni seqmentinə xas olan aqressiv kütlənin onu hansı hala salacağından hamıdan yaxşı xəbərdar olan Paşinyanın qorxularını, bu səbəbdən də məğlubiyyətləri barədə doğru informasiyanı gizlətməsi, yalanları bir-birinin ardınca dövriyyəyə buraxması başadüşüləndir. Amma cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, Nikol sona qədər bunu gizlədə bilməyəcək.

Heç şübhəsiz ki, döyüş meydanında nə baş verdiyini sona qədər gizlətmək mümkün deyil. Çünki, ordumuzun zəfərləri Ermənistan üçün ağrılı vəziyyətlər deməkdir və bundan daha acınacaqlı vəziyyətlər də vəd edir ki, bunun dadını Nikolla, Araiklə və digər səlahiyyətlilərlə yanaşı erməni xalqı deyilən toplum da dadacaq. Məsələn, illər, onillər boyu əmək sərf etdikləri, eyni zamanda bu yolda qurbanlar verərək qanunsuz ələ keçirdikləri, işğal etdikləri torpaqların geri qaytarılmasına dözə bilməyən, bununla barışa bilməyən Araik Arutyunyan kimi qondarma rejim rəhbərləri nə qədər gizlətsə də sonda həmin əraziləri, özünün qondarma hakimiyyətini müdafiə etmək məqsədilə, mənsub olduğu xalqın nümayəndələrini köməyə çağırmaq üçün hansı məğlub durumda olduqlarını etiraf etmək məcburiyyətində qalıblar axı. Ermənistana məxsus müxtəlif rəsmi mənbələr və nümayəndələr ərazi ilə bağlı əks, bir-birini təkzib edən məlumatlar vermələrinə baxmayaraq, düşmən tərəfi də yaxşı bilir ki, döyüş meydanında nə baş verir, Azərbaycan Ordusu tarixi ədaləti bərpa edir, sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində lazım olan heç nəyi əsirgəmir. Yaxşı bilir ki, Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə əzmindədir və Azərbaycan xalqı ən yaxın zamanda tam qəlbə xəbərini, torpaqlarımızın erməni işğalından tamamilə azad olunması müjdəsini hər an səbirsizliklə gözləyir.