"Xüsusi karantin rejimi daha da sərtləşdirilə bilər" ÖZƏL-MÜNASİBƏT

30 Oktyabr 2020 10:33 (UTC+04:00)

“Koronavirus infeksiyasının sürətlə artması ciddi narahatlıq yaradır. Vətəndaşlarımız maksimum dərəcədə karantin qaydalarına əməl etməlidir ki, virusun sürətlə yayılmasının qarşısı alınsın”. Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, artıq dünya ölkələri koronavirusun geniş yayılmasına qarşı ciddi addımlar atmaqdadır. Onun sözlərinə görə, bu sırada dünyanın ən inkişaf etmiş ölkələri də var: “Məsələn İtaliyada virusa yoluxma faktı record həddə çatıb. Belə ki, bir sutkada koronavirusa yoluxma 24 min 991 olub ki, bu da pandemiyanın başladığı dövrdən ən yüksək göstəricidir. Ona görə də, ölkələr karantin rejimini yenidən sərtləşdirməyə başlayıblar”.

Millət vəkili Azərbaycan vətəndaşlarını da bu məsələdə diqqətli olmağa çağırıb. İ.Məmmədov qeyd edib ki, vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyyələr lazımınca riayət olunmur. Eyni zamanda, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Hazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.

Deputat söyləyib ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir: “Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əskər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir”.