Ermənilər Qarabağdan silah qaçırır

30 Oktyabr 2020 10:09 (UTC+04:00)

Ermənistan polisi Qarabağdan Kalaşnikov avtomatı daşıyan vətəndaşları saxlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti informasiya yayıb.

İnformasiyada qeyd olunur ki, polis əməkdaşları bir avtomobili saxlayıb yoxladıqları zaman içərisində iki pulemyot, patron və əl qumbarası tapıblar. Məlumatda həmçinin bildirilir ki, Ermənistan polisi Qarabağdan Kalaşnikov avtomatları (AK-103) daşıyan vətəndaşları da saxlayıblar. Məlum olub ki, bir qrup şəxs qanunsuz olaraq silah ələ keçirərək qaçaqmalçılıq yolu ilə həmin silahları Ermənistana keçirməyə cəhd edib.
Faktla bağlı cinayət işi başlanılıb saxlanılanlar polis şöbəsinə göndərilib.

29 oktyabrda avtomobilin sürücüsünə, sahibinə və sərnişininə qarşı Ermənistan Cinayət Məcəlləsinin 235-ci (Silah, döyüş sursatı, partlayıcı maddə və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, satışı, saxlanması, daşınması) maddəsi ilə ittiham irəli sürülüb. Prokurorluq onların həbsi üçün vəsatət qaldırıb. İstintaq davam edir.

Prokurorluq bütün bu cəhdlərin müvafiq hüquqi qiymət alacağını xəbərdar edib. Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti son vaxtlar çoxlu sayda Dağlıq Qarabağdan Ermənistana qanunsuz silah daşınması hallarını aşkar edib.

Göründüyü kimi, Ermənistan tərəfi Dağlıq Qarabağa qanunsuz yollarla silah daşıdığı kimi, erməni əsgərlər də həmin silahları qanunsuz olaraq əldə edərək Qarabağdan çıxarır və Ermənistana daşıyırlar. Bəlli olur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin şişirtdiyi dırnaqarası “rəşadətli erməni əsgərləri” döyüşmək əvəzinə döyüş zonasından, Qarabağdan silah qaçırırlar.