Fransanın Tehrandakı səfirliyi qarşısında tələbələrin etiraz aksiyası keçirilib

30 Oktyabr 2020 03:06 (UTC+04:00)

Fransanın Tehrandakı səfirliyi qarşısında tələbələrin və İran ictimaiyyətinin nümayəndələrinin etiraz aksiyası keçirilib.

SİA xəbər verir ki, Tehran Universitetinin tələbələrinin təşkil etdiyi aksiyaya minlərlə iranlı qoşulub. Aksiya iştirakçıları Fransa hökumətindən “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturasının çəkilib yayılmasına son qoyulmasını tələb ediblər.

Etirazçılar Fransa prezidenti Emanuel Makronun müsəlmanları “separatçı” adlandırmasının da yolverilməz olduğunu bəyan ediblər.

Allahın elçisinin təhqir edilməsi və buna söz azadlığı donu geyindirilməsi milyonlarla müsəlmanın etiqadına toxunur. Fransa ilə yanaşı digər Avropa dövlətləri də söz və fikir azadlığı prinsiplərindən sui-istifadə edirlər. Müqəddəslərin təhqiri heç də demokratiya və söz azadlığından deyil, fitnə-fəsadlardan xəbər verir.

Aksiya iştirakçıları etirazlarını yazılı şəkildə səfirliyə təqdim ediblər. Etiraz aksiyası insidentsiz başa çatıb.