AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək - FƏRMAN

29 Oktyabr 2020 18:27 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. SİA-nın məlumatına görə, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:

2-ci hissəyə “dövlət orqanlarının,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin,” sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilir:

“2.1-1. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri);”.

Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilir:

“4-1. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri.”.

5.3-cü bəndə “işçiləri” sözündən sonra “və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri” sözləri əlavə edilir.