Hər kəs daha məsuliyyətli olmalıdır - ŞƏRH

29 Oktyabr 2020 17:08 (UTC+04:00)

Koronavirusla mübarizə - güclü əsgər, güclü vətəndaş deməkdir

Bu gün hər birimiz fikirləşməliyik ki, arxa cəbhədə Güclü Ordumuz Ermənistan kimi faşist xislətli, təcavüzkarla mübarizə apardığı kimi, ön cəbhədə də gözəgörünməz koronavirusla mübarizəmizə əml etməliyik. Çünki koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir.
Məhz buna görə də bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bunun üçün isə, ən azı Azərbaycan vətəndaşları karantin rejimin qaydalarına əməl etməli, məsuliyyətli davranmalı, hamı maska taxmalı, şəxsi gigiyenasını gözləməli, sosial məsafə gözlənilməli və dezinfeksiya vasitələrindən istifadə edilməli, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.

Lakin son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Lakin unutmamalıyıq ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına və özü də bilmədən milli Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər.

Hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir

“Bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı vəziyyət bizim xeyrimizə idisə, son günlərdə bu istiqamət dəyişib. Görürük ki, günlük yoluxma mənfi tendensiya üzrə inkişaf edir". Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hazırki vəziyyət ağırlaşmağa doğru gedəcək: "Artıq bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artdığını görə bilirik. Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik. Niyə yoluxma sayı artdı? İlk öncə məsuliyyətsizlik”. V.Əliyev onu lda vurğulayıb ki, insanlarda məsuliyyətsizlik, yumşalmalar olmasına baxmayaraq, qaydalara daha ciddi əməl etməmək, nəticədə virusa yoluxanların sayının artmasına səbəb olub: «Son günlərdə ön cəbhədə Azərbaycanın haqq savaşı gedir, bütün insanların diqqəti ordadır. Yəni, fikirlər ön cəbhəyə yönəldiyinə görə artıq koronavirus anlayışı aktuallığını itirib. Belə məqamda hamımızın diqqəti qələbə xəbərləri gözləməyə yönəlib. Bununla insanlar zəruri dediyimiz maska taxmaq, sosial məsafənin qorunması anlayışını unudurlar”.

V.Əliyev qeyd edib ki, son günlərdə əsgərlərlə mülki şəxslərin ciddi sıx təması olub: “Könüllü şəxslər hərbi komissarlığın qarşısında orduya yazılarkən ara məsafəsi qorunmurdu. Təbii ki, o anda onlar düşünülmür. Hər birimizin Azərbaycan övladı olaraq düşündüyümüz ön cəbhə, erməni separatçılarına qarşı mübarizə aparmaqdır. Amma arxa cəbhədəki virusu da unutmamalıyıq. Koronavirus sərhəd tanımır. Koronavirus ölkə daxilində insanın vəzifəsini, tutduğu mövqeyə baxıb xəstəlik yaratmır. Biz daha əvvəl də bunun şahidi olmuşuq. Yəni əsgər, zabit, mülki vətəndaş olsun, koronavirusa yoluxarsa, bugünki gün üçün ölkə daxilində hər kəsi yoluxdura bilər”.

V.Əliyev COVID-19-a yoluxma sayının artıma doğru gedəcəyini də qeyd edərək bildirib ki, insanlar qaydalara əməl etməsə, karantin rejiminin şərtlərinə yenidən baxıla bilər: “Mövcud vəziyyətdə onsuz da ağır günlərdən keçirik. Hər bir azərbaycanlı bəzən orduya necə dəstək olacağı haqda düşünür. Məncə, ən böyük dəstək vətəndaş məsuliyyəti, bildiyimiz işi doğru etməkdir. Yəni, hər bir insan fərdi məsuliyyətindən irəli gələrək öz sağlamlığını qorumaq və virusun yayılmasının qarşısını almaqla, vətənə, xalqa ən böyük faydalılığını göstərə bilər”.

Bir sözlə, bütün deyilənləri nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməli, bütün bu deyilənlərə isə birlikdə əməl etməliyik. Çünki hər bir sahədə biz birlikdə güclüyük! Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının bu döyüşdə bir daha əminliklə söylədiyi: "Azərbaycan xalqı belə şücaətli, igid oğllarımızla qürur duyur və tezliklə bu zəfərlə Qarabağ bizimidir, Qarabağ Azərbaycandır!", həmçini pandemiyaya qarşı mübarizədə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasətin növbəti illərdə də davam etdiriləcək, xalqımız bu sınaqdan da üzüağ çıxacaq. İnşallah!

RƏFİQƏ HÜSEYNOVA