“Ermənilər boş ümidlərə qapılmasın” Konstantin Ter-Nakalyan

29 Oktyabr 2020 13:50 (UTC+04:00)

“Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz”. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Adekvad" hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyib.

Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisi tətbiq edib. “Bunun əbədi davam edəcəyinə dair ermənilər boş ümidlərə qapılmasın. Azərbaycanın pulunun və resurslarının bizimkindən daha tez tükənəcəyinə ümid etmək lazım deyil. Bir vacib həqiqəti anlamalıyıq ki, Rusiya Qarabağı bizim üçün qorumayacaq və itirdiyimiz əraziləri nəzarətimizə qaytarmayacaq. O, yalnız Ermənistan Respublikasını xilas edə bilər”, deyə "Adekvad" hərəkatının təsisçisi bildirib.

Cəbhə xəttindəki vəziyyətə toxunan erməni hərəkatının qurucusu Ermənistanın demək olar ki, bütün istiqamətlərdə “ağrılı” geriçəkilmə yaşadığını da vurğulayıb. “Hərbi texnika və xüsusi personal sahəsində Ermənistanın ciddi itkiləri var. Azərbaycan Ordusunun ehtiyatları tükənməzdir, bizim ordumuz isə artıq taqətdən düşüb”.