Çin olan arzu HEKAYƏ

29 Oktyabr 2020 10:58 (UTC+04:00)

Hər səhər olduğu kimi bu səhər də ana Camalı körpə uşaq kimi sevə-sevə, əzizləyə- əzizləyə yuxudan oyatdı:

- Məktəbə gedən uşaqlar, gözləyin balam da gəlsin. Deyəsən yatib qalıb, çantasın götürüb gəlsin.

Hər səhər ana oğlunu yuxudan belə oyadırdı.

Balamın sabahı xeyir olsun deyib, tez mətbəxə keçdi . Camal əynini geyinib, əl-üzünü yuyub gələnə kimi artıq ana süfrəni hazırladı. İki stəkan çay süzdü. Birini özünə, birini oğluna. Çaydan bir qurtum alıb:

- Camal, ana qurban, müsabiqənin nəticələri bu gün bilinəcək ?

- Bəli, ana. Bu gün bilinəcək. Sinif rəhbərimiz qaliblərin adını deyəcək.

-Allah qoysa. Bəs niyə vermədin oxuyaq görək nə yazmısan, hə, ana qurban .

Onda maraqsız olardı, ana. Sinif rəhbərimiz dedi ki, qaliblərin mükafatlandırılması təmtəraqlı keçiriləcək .Təhsil Nazirliyindən nümayəndələr də gələcək .

- Hə, nə yaxşı. Yəqin valideynləri də dəvət eliyərlər. Allah eləsin qalib olasan, ay Camal. Gör necə sevinərik. Hələ atanı demirəm.

Sən dedinsə, mütləq qalib olacam, ana. Sınamışam sənin ürəyindən nə keçirsə, o həmişə yerinə yetir. Anasının gözlərinin içinə baxdı. Sanki ora həkk olunmusdu ürəyindən keçən arzular. O arzular hava-su kimi aydın idi. Ananın gözləri “kaş ki, tezliklə öz elimizə- obamıza qayıdaq, oğlum”, - deyirdi. Bu müsabiqənin qalibi olsam, anamın bu arzusu da çin olacaq. Camal ürəyində özünü inandırmağa çalışdı.

- Yaxşı, ana qurban tez ol, çayını iç, dərsə gecikərsən, - deyib, ayağa qalxdı. Otaqdan çantanı götürüb, tez dəhlizə keçdi. Camal ayaqqabılarını geyinəndə birdən ananın gözləri oğlunun böyrü yırtılmış ayaqqabısına sataşdı. Ürəyinə elə bil tikan batdı. Neçə vaxtdı balam məktəbə belə gedirmiş. Bəs niyə görməmişəm, ürəyində özünü qınadı. Birdən balam qalib olsa bu ayaqqabıyla tədbirdə necə iştirak edər. Bu fikir bir anlıq ağlından keçdi. Camal başını qaldıranda ana -bala baxışdılar. Elə bil anasının ürəyindən keçənləri oxudu.

- Ana narahat olma, yeriyəndə görsənmir. Ayağını yana əydi.

Allah bizi elimizdən, yurdumuzdan didərgin salanın bəlasını versin. Gül kimi yaşıyırdıq. Evimiz- eşiyimiz, bağımız- bağatımız. Qapımızın sürüsü, ay Allah hansını deyim. Heç nəyin korluğun çəkmirdik. İndi adımız köçkündü. Allah bu zülmü yerdə qoymaz, İnşallah .

-Ana, gecikirəm axı çantamı ver, -dedi Camal

Qadın sanki yuxuda idi, ayıldı. Hə, anan qurban, çantanı Camala uzatdı. Səni verənə şükür, sağ salamat, yolda ehtiyatlı ol. Şad xəbərlə qayıt .

Oğlunu yola salıb, mətbəxə keçdi. Masaya göz gəzdirdi. Çörək, yağ, pendir, qənd qabı, bir də iki stəkan. Özündə deyildi. Əli ilə süfrəni sığallaya-sığallaya sanki həyatının ömür səhifəsini varaqladı. Yadına düşmən tapdağında olan evləri düşdü. Necə darıxmışdı o cənnət bağlı evləri üçün. İnana bilmirdi, alışa bilmirdi belə yaşayışa. Şəhərdə yaşayan qohumlarına, vallah, inciməyin mən şəhərdə bir gün də yaşaya bilmərəm deyəndə, heç ağlına da gəlməzdi başlarına gələcək faciə. İndi evimizdə olsaydıq balamı məktəbə heç belə yola salardım. Süfrəyə sarı samovarın çayı, çilli toyuğun yumurtasın, nehrə yağı, qaymaq, bal, motal pendiri, təndir çörəyi düzərdım. Balama xallı inəyin südündən içirərdım . Hamısı da öz həyətimizdən. Tanrı bizə o torpaqda nə qədər ruzu-bərəkət vermişdi. Əlimi hara atırdım dolu təhnə gəlirdi. Şükür sənə Allahım, özün bilən məsləhətdi. Təki torpaqlarımız alınsın, qayıdaq öz yurd-yuvamıza. Yerdə qalanları düzəltmək asandı. Əsas torpaqdı. Birdən o topağın iyi gəldi burnuna. Özü də yağışdan sonrakı torpağın iyi. Necə darıxmışdı o torpaq üçün. Ömründən keçməyə hazır idi, təki bir gün ö torpağa dizini qoyub, doyunca qoxulaya bilsəydi.

Dərsdən sonra məktəbin tədris hissə müdiri sinif otağında şagirdlərlə görüşdü. Camalı yanına çağrıb “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda keçirilən yazı müsabiqəsində birinci yerin qalibi olduğunu söylədi. Sənin bu balaca qəlbində nə qədər torpaq, vətən sevgisi var, - deyib saclarını sığalladı. Sonra da mukafatların təqdimat mərasiminə valideynlərin dəvətli olduğunu dedi .

Camal aldığı bu şad xəbərin sevincini anasına çatdirmaq üçün məktəbdən evə qədər yüyürdü. Atasını da axşam muştuluqlayacaqdı. Qaliblərə tərifnamə və mükafat veriləcək xəbərini valideynlərinə deyəndə onların hansı hisslər keçirəcəyini düşündükcə uçmağa qanadı olmadı. .

Məktəbin akt zalı adamla dolu idi. Kimisi qabaqcadan özünə ön sırada yer tutub oturmuş, kimisi də ayaq üstə başı söhbətə qarışmışdı. Hamı coxdanın tanışları kimi çox səmimi idi. Qalib şagirdlərin valideynləri artiq tanış olub, söhbətləşirdilər də. Birdən kiminsə , gəldilər deməsi zala bir sakitlik cökdürdü. Məktəbin direktoru qonaqlarla zala daxil oldu . Hər kəs öz yerini tutdu. Zalda əyləşənlərin maraq dolu baxışları qonaqlara dikildi. Məktəbin direktoru tədbiri açıq elan edib, hamını salamladı. Təhsil Nazirliyindən gələn qonaqları təqdim edib, çıxış üçün onlara söz verdi. Sonra Qarabağ şəhidlərinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri səhnəyə dəvət olundu.

Nəhayət, hamının səbirsizliklə gözlədiyi qaliblərin mükafatlarındırılması mərasimi başlandı. Böyük alqış sədaları altında sevınc və həyacanla şagirdlər səhnəyə qalxdılar. Çıxışlar, təbriklər, alqış sədaları qaliblərə sanki qol –qanad vermişdi. Birinci yerin qalibi Camala mükafatı təqdim etmək üçün səhnəyə ədəbiyyat fənnini tədris edən Simuzər müəllimə dəvət olundu. Ürək dolu çıxışını bitirdikdən sonra Simuzər müəllimə qalib diplomunu və pul mukafatını sevimli şagirdinə təqdim edib, bağrına basdı, saclarından öpdü. Daha böyük uğurlar qazanmağı arzuladı. İkinci və üçüncü yerin qalibləri Laləzara və Murada da mükafatlar təqdim olunduqdan sonra çıxış üçün onlara söz verildi .

Camalın uşaq qəlbi sevincdənmı, həyəcandanmı çırpınırdı. Zala nəzər yetirdi. Gözü ilə valideynlərini axtardı. İkinci sırada oturmuş valideynlərinin sevinc dolu baxışlarını görüb, bir qədər ürəkləndi. Qalib diplomu, bir də konvertdəki pul mükafatı sanki əlini alovlandırırdı. Nəhayət, özündə bir güc tapdı:

- Bu gün birinci yerin qalibi mükafatına layiq görüldüyüm üçün mənə dərs deyən müəllimlərimə, valideynlərimə öz təşəkkürümü bildirirəm. Mən Qarabağlıyam. Mənfur düşmən torpağımızı işğal etdiyindən orda yaşamaq, oxumaq mənə qismət olmadı. Nəinki mən, bizim ailəmiz, bir milyondan artıq həmvətənimiz öz döma yurd-yuvalarından didərgin düşdü. Torpaq uğrunda döyüşlərdə igid oğullarımız öz canlarından keçdilər, şəhidlik zirvəsinə yüksəldilər. Bu gün Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan əsgərlərimiz bizə çox doğmadı. Bu gün onlara həsr etdiyim yazı müsabiqəsinin qalibi olmaq məni həm sevindirir, həm də kədərləndirir. Sevinirəm ona görə ki, müsabiqənin qalibiyəm. Kədərlənirəm ki, torpaqlarımız işğal altındadı. Mənim yazım torpaqlarımız uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizə həsr olunub. Qarabağ şəhidlərinə. Mən onların heç birini tanımırdım. Bəlkə də bu yaşda onları heç vaxt da tanımayacaqdım. Amma indi mən onları öz doğmalarım kimi çox sevirəm. Mən bilirəm gün gələcək torpaqlarımız o mənfur düşmənlərdən azad ediləcək. Bizim üçrəngli bayrağımız Qarabağda dalğanacaq. Bax onda şəhidlərimizin narahat ruhu rahatlıq tapacaq. Birdən gözü ön cərgədə əyləşmiş, şəhid oğlunun şəklini sinəsinə sıxmış qara geyimli, saçları dümmağ olan qadına sataşdı. Gözləri doldu, kədər onu boğdu, sözlər boğazında tıxanıb qaldı. Zalı alqış sədaları bürüdü.

Alqış sədaları altında oturanların qarşısında baş əydi .Gözü böyrü yırtılmış ayaqqabısına sataşdı. Ayağını yana əydi. Dolmuş gözlərindən iki damcı yaş ayaqqabısının üzərinə düşdü. Cəld səhnədən enib, birinci cərgədə əyləşən, əlində yaraşıqlı şəhid öğlunun şəklini tutmuş qara geymli anaya yaxınlaşdı. Əlindəki konverti gözü yaşlı anaya uzatdı. Hələ də Camalın çıxışının təsirindən çıxa bilməyən ana bir an duruxudu. Sonra ayağa qalxdı. Camalı bağrına basdı. Saçından, alnından öpdü. Camalın sağ əlindən tutdu. Hamının eşidəcəyi bir səslə dedi :

-Bu gün məni bu tədbirə dəvət etdiyinizə görə məktəbin butün kollektivinə öz təşəkkürümü bildirirəm. Çox böyük qürür hissi keçirirəm, fəxr edirəm. Fəxr edirəm həm torpaq, vətən uğrunda canından keçən övladlarımızla, həm onların davamçıları olan Camal kimi şagirdlərimizlə. Əgər əsgər oğullarımız əllərində silah düşmənə qarşı döyüşübsə, Camal kimi şagirdlərimiz də əllərindəki qələmlə düşmənə nifrətini, qəzəbini bildirir, şəhidlərin xatirəsini əziz tutur. Mən inanıram ki, torpaqlarımız yağı düşməndən azad olunacaq. Ali Baş Komandanın bir əmri kifayətdir. Vətənimin qeyrətli, igid əsgərləri şəhidlərimizin qanını yerdə qoymayacaq. Qarabağımız azad olunacaq və qəlbi Qarabağ həsrəti, ağrısı, acısıyla döyünən biz şəhid anaların da, səhid balalarımızın narahat ruhu onda rahatlıq tapacaq.

Onlar üçü də yol boyu danışmadan addımlayırdılar. Üçü də əl-ələ tutmuşdular. Camal, atası və anası. Camal ürəyində daha böyük arzularla, ata qəlbindəki qürur hissilə, ana isə dualarıyla. Addımlayırdılar. Bu gun bəlkə də onların köçkünlük həyatından sonra yaşadıqları ilk sevincli günləri idi.

Arzular Camalı okeanın o tayına - İllinois Ştatının Çikaqo şəhərinə qədər gətirmişdi. E Randolph küçəsində yerləşən şirkətin 50-ci mərtəbəsindəki iş otağında pəncərənin önünüdə dayanıb bunları xatırladıqca yenə gözləri doldu. Hər şey dünən olmuş kimi kino lenti kimi göz önündən keçdi. Təhsili, savadı onu hardan hara gətirmişdi. Başını aşağı əydi. Gözləri təzə, səliqəli, bahalı ayaqqabılarına sataşdı. İstər –istəməz ayağını yana əydi, məktəb vaxtında olduğu kimi. O vaxtdan bu günə kimi hər gün bir arzuyla yasayırdı, o arzunun çin olacağı günü gözləyirdi. Bir əmr kifayət idi geriyə dönməyə, əlinə silah alıb, düşmənə qarşı döyüşməyə. Bİr gün, bir saat, bir dəqiqə belə unuda bilmədiyi, dogulduğu, uşaqlıq illərini o torpaqda qoyub gəldiyi doğma Qarabağı uçün hətta canından belə keçməyə hazır idi .

Arzulanan o gün gəlmisdi. Ali baş komandan hər dəfə ordumuzun qələbə xəbərini xalqa çatdıramda, işğaldan azad edilən o torpaqlar Camalı özünə çəkirdi. İllərin həsrətinə dözsə də təyyarənin uçuş vaxtının bir neçə saatına dözə bilmirdi. Sanki gecikəcəyini düşünürdü. Ürəyinin çırpıntısı qulaqlarında əks –səda verirdi. İndi bir arzuyla yaşayırdı. Uşaq ikən o dəhşətli gecədə, məcburi köçkün adıyla çıxdığı öz dogma kəndinə əlində silah, əsgər geyimində qalib kimi qayıtmaq. Artıq arzuları çin olmuşdu. Bircə qalmışdı ayağı o doğma torpaqlara dəysin. O doğma torpaqda şəhid olan oğullarımıza “ narahat ruhunuz şad olsun, igid şəhidlər, gözün aydın olsun Azərbaycan, Qarabağ Azərbaycandır ”,-desin.

Ofelya Abbasova.fil.ü.f.d.

Avrasiya Kolleci, Tədris şöbəsinin müdiri,

Azərbaycan Jurnalistlər Birliyinin üzvi.