Ölkəmizin Moldovadakı səfiri media nümayəndələri üçün mətbuat brifinqi keçirib

28 Oktyabr 2020 20:33 (UTC+04:00)

Cari ilin 27 oktyabr tarixində ölkəmizin Moldovadakı Səfirliyində Gəncə ilə bağlı yaradılmış güşənin önündə səfir Q.Osmanov tərəfindən Moldovanın 12 aparıcı telekanalı və digər media nümayəndələrinin iştirakı ilə mətbuat brifinqi keçirilib.

Qeyd edək ki, mətbuat brifinqinə “Pro TV”, “Kanal3”, “Prime”, “Publika”, “Realitatea TV”, “Noi TV”, “TV8”, “TV Moldova”, “Timpul TV”, “Kanal1”, “Kanal2” və “10TV” telekanallarından media nümayəndələri qatılıb.

Brifinqdə səfir Q.Osmanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məlumat verərək 28 il ərzində təmas xətti boyunca Ermənistanın dəfələrlə atəşkəsi pozaraq təxribat məqsədli hücumlarının mülki əhaliyə və obyektlərə zərər dəyməsi ilə nəticələndiyini bildirib, bununla əlaqədar 2016-cı ildə aprel döyüşləri, cari ilin 11 iyul tarixindən başlayaraq erməni təxribatı nəticəsində Tovuz istiqamətində baş verən döyüşləri xatırladıb, habelə 27 sentyabrda pandemiya dövründə Ermənistanda kəskin iqtisadi böhrandan erməni ictimaimiyyətinin fikrini yayındırmaq və yeni torpaqlar işğal etmək məqsədilə Azərbaycana hücum edən Ermənistan silahlı qüvvələrinin əks-hücum nəticəsində qarşısının alınmasına dair məlumatı mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Eyni zamanda, Azərbaycan ordusunun ermənilərdən fərqli olaraq düşmənin yalnız hərbi məntəqələrini hədəfə aldığını bildirib, dinc əhalinin Ermənistan ordusu tərəfindən humanitar atəşkəsə məhəl qoymadan davamlı olaraq hücuma məruz qoyulduğu, nəticədə Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Goranboy və digər yaşayış məntəqələrinin raket atəşinə tutulduğunu vurğulayıb.

Səfir Q.Osmanov media nümayəndələrini maraqlandıran digər bir sıra sualları ölkəmizin haqlı mövqeyini əks etdirərək cavablandırıb.