Ermənistan Bərdəyə raket atıb, 3 nəfər ölüb, 10 yaralı

27 Oktyabr 2020 17:27 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudcasına pozmaqda davam edir. SİA-nın məlumatına görə, düşmən oktyabrın 27-də Azərbaycanın Bərdə rayonundakı dinc əhalini hədəf alaraq, yaşayış məntəqələrini raket atəşinə tutub.

Ermənistan ordusunun atdığı raketin Qarayusifli kəndinə düşməsi nəticəsində ilkin məlumata görə, 3 mülki şəxs həlak olub, 10 dinc sakin yaralanıb. Xəsarət alanlar arasında uşaqlar və qadınlar da var.

Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

Beləliklə, Ermənistan növbəti dəfə məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik göstərir.