Kitabxana Azərbaycan inciləri haqqında silsilə informasiya məktubları hazırlayır

27 Oktyabr 2020 16:35 (UTC+04:00)

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın inciləri haqqında silsilə informasiya məktubları hazırlanır.

Kitabxanadan SİA-ya bildirilib ki, növbəti informasiya məktubu Azərbaycanın qədim nazik çörəyi olan lavaş haqqındadır.

2016-cı ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Baba-nənələrimizdən bizə miras qalan adət-ənənələrimizin qorumaq, babalarımızın mənəvi-maddi mirasına sahib çıxmaq hər birimizin borcudur. Hazırlanan informasiya məktubunda lavaşbişirmə və paylaşma ənənəsi haqqında məlumat verilir. Burada, lavaşın növləri, bişirilmə texnikası ilə yanaşı, bu qədim çörək növünün tarixi haqqında da məlumatlar əks olunur.

Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olan qeyri-maddi mədəni irsimiz haqqında informasiya məktublarının hazırlanması kitabxana tərəfindən davam etdiriləcək.