Prezident İlham Əliyev əsl həqiqətin nə olduğunu dünyaya çatdırdı - AÇIQLAMA

27 Oktyabr 2020 15:47 (UTC+04:00)

"Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib. Prezident İlham Əliyev bu fikirləri ABŞ-ın "Fox News" telekanalına müsahibəsində səsləndirib. Ölkə başçısının sözlərinə görə, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın: "Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməyib. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloqun sözlərinə görə, telekanalın müxbirinin diplomatik həll yolu ilə bağlı söylədiklərinin doğru olmadığını bildirən dövlət başçısı deyib: "Çünki vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Sülh planında muxtariyyət məsələsi də olmayıb. Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, - Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər qovulmuşdur".

Ekspert bildirib ki, göründüyü kimi, xaricdəki bəzi telekanallar, dairələr yanlış olaraq belə rəy yaratmağa çalışırlar ki, guya həmsədrərin təklif etdiyi sülh variantlarında separatçı quruma "müstəqillik", muxtariyyət verilməsi ilə bağlı məsələlər öz əksini tapıb: "Ancaq Prezident məlum açıqlaması ilə bunun belə olmadığını göstərdi. "Təqdim olunan variantlarda mərhələli şəkildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxması öz əksini tapıb".

Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, bir sıra tanınmış xarici telekanallar erməni təbliğatının təsiri altına düşərək belə yanlış ray yaratmaq istəyirlər: "Guya həmsədrlərin təklif etdiyi həll planlarında Dağlıq Qarabağın "müstəqilliyi" öz əksini tapıb. Ancaq Prezident İlham Əliyev məlum açıqlaması ilə əsl həqiqətin nə olduğunu dünyaya çatdırdı. Aydın oldu ki, vasitəçilərin təklif etdiyi variantlarda Qarabağa müstəqilliyin və ya muxtariyyətin verilməsindən söhbət getmir. Bununla ölkə başçısı illərdir ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı yaratmaq istədikləri yanlış rəyi dağıtdı. Təqdim olunan variantlarda mərhələli şəkildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxması öz əksini tapıb. Ondan sonra statusla bağlı müzakirələr nəzərdə tutulur. Ermənistan da nümayişkaranə şəkildə buna əməl etmir. Son hərbi toqquşmalara görə bütün hallarda məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Ermənistan dövlətinə havadarlıq edən məlum dövlət və dairələrin də bu sahədə məsuliyyəti az deyil. İyuldan başlayaraq Ermənistan cəbhədə təxribatları genişləndirməyə başladı. Sonra bütün bunlar məlum döyüşlərin başlanmasına gətirib çıxardı. Ordumuz düşmənə güclü zərbələr endirərək ərazilərimizi azad edir".

Politoloqun fikrincə, belə bir vəziyyətdə, ən yaxşı halda, Dağlıq Qarabağa mədəni muxtariyyət verilə bilər.