“Paşinyanı artıq heç bir siyasi partiya, siyasi şəxslər dəstəkləmir” ÖZƏL-MÜNASİBƏT

27 Oktyabr 2020 15:16 (UTC+04:00)

“Əgər bir ölkənin başqa bir ölkənin ərazisində ordusu varsa, bu, işğalçı və terrorçudur”. Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, bu gün də Ermənistan baş naziri öz vətəndaşlarına çağırış edirsə, eləcə də baş nazirin həyat yoldaşı əyninə forma geyinib “Azərbaycan torpağına gedək” çağırışı edirsə, bu, artıq onun terrorçuluq, işğalçılıq və müharibə istəyinin əyani sübutudur: “Bu, həmçinin beynəlxalq hüququn pozulmasıdır və bunun cavabı olaraq Azərbaycan istənilən vaxtı nəinki Dağlıq Qarabağdan erməni əsgərlərini qovub çıxaracaq, sonradan Ermənistanın özünə də müharibə elan edə bilər və yaxud da adekvat tədbirlər görə bilər. Digər tərəfdən, Ermənistanın daxilində nizami, peşəkar ordu döyüş meydanında uduzubsa və yaxud da kütləvi şəkildə məhv olubsa, artıq onların sayları bizlərə bəllidir. Biz onların sıradan çıxarılmış hərbi texnikalarını məhv etdiyimiz halda, həmin texnikaların şəxsi heyəti hesablanarkən, eyni zamanda, döyüş meydanında məhv edilmiş 10 mindən artıq hərbçiləri artıq məhv edilmiş sayılır. Hətta onlar öz meyitlərini döyüş meydanında qoyub götürmək istəmirlərsə, bu, ondan xəbər verir ki, artıq iki qat sayda yaralı var. Bu, o deməkdir ki, öz canlı qüvvəsinin təxminən 50 faizdən çoxunu peşəkar hərbçisini itirən Ermənistan indi sözsüz ki, uşaqları, yaşlıları, qadınları orduya cəlb edir. Bütün bunlar işğalçı ölkənin hərbi meydanda uduzduğunun göstəricisidir. Sadəcə olaraq, bu çağırışın özü də beynəlxalq konvensiyaları pozmaqdır və məğlubiyyətini etiraf etməkdir.

Əgər peşəkar hərbçi döyüş meydanında məhv olubsa, 15 yaşında uşağa və yaxud da qadına 1 həftə təlim keçib nizami ordunun qarşısına göndərirsə, bu, artıq ilk başdan onların ölüm hökmünün verilməsi deməkdir. Bu, sona qədər davam edə bilməz. Erməni mətbuatı özü də etiraf edir ki, artıq Paşinyanı heç bir siyasi partiya, erməni cəmiyyətində olan siyasi şəxslər dəstəkləmir”.