Ermənistan rəhbərliyinin atəşkəs riyakarlığı…

27 Oktyabr 2020 11:50 (UTC+04:00)

Prezident İlham Əliyev: “Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa, bu, bizi qane edə bilməz”

“Oktyabrın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi və mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin dəyişdirilməsi, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17-də yeni atəşkəs qüvvəyə mindi. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu».

Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində Ermənistanın atəşkəsi davamlı olaraq pozması barədə danışarkən deyib. Dövlət başçısı bildirib ki, əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa. bu, bizi qane edə bilməz: «Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa, bu, bizi qane edə bilməz”.

Ermənistanın riyakarlığı nə birinci, nə də sonuncudur. Artıq 27 ildir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında qəbul edilən atəşkəs rejimi tətbiq edilsə də, qarşı tərəf buna əməl etmir və işğalçı rejim dəfələrlə atəşkəs rejimini pozmaqla təcavüzkar mövqeyini açıq-aşkar dünya ictimaiyyəti qarşısında sərgiləyir. Ermənistanın bu təxribatlarına ATƏT-in Minsk Qrupu göz yumur. Xüsuilə də, son günlər cəbhədə baş verənlər bunu bir daha sübut edir. Belə ki, erməni quduzlarının iyulun 12-də günorta saatlarından başlayaraq dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutduqları, onun ardınca növbəti və son olaraq sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq, işğal olunmuş Qarabağ ərazilərindəki təmas xəttindən ağır silahlar və hərbi texnikanın müşayiəti ilə hücuma keçdikləri, mübariz və müzəffər, cəsur Azərbaycan Ordusunun əks hücum əməliyyatları aparması bir daha işğalçı ölkənin riyakarlığını, bununla da bir daha aciz duruma düşdüklərini göstərir.

Lakin bu gün Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyevin torpağlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması üçün göstərdiyi siyasi iradə və qətiyyətli mövqeyi, inamlı və düşünülmüş addımlarını dəstəkləyən xalqımız, həmçinin, dünya dövlətləri bir daha görür ki, Azərbaycan haqq yolundadır və Xalq-Prezident-Ordu birliyi cənab Prezidentin müdrikliyi, siyasi savadı, apardığı düzgün daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur.

Küçə “demokratı” Paşinyanın planlaşdırdığı provokasiya bütün istiqamətlər üzrə tam iflasa uğrayır

Bu gün bu, real faktordur. Erməni tərəfinin bugünkü təxribatı və məğlubiyyəti bir daha Azərbaycan Ordusunun gücünü, Azərbaycan əsgərinin əzm və rəşadəti qarşısında aciz qaldığını nümayiş etdirir. Bu, həmişə belə olub, bundan sonra da Güclü Ordumuz erməni quduzlarının burnunu əzməklə onlara yerini göstərəcək. Ermənistan tərəfinin verdiyi sərsəm və heç bir reallığı əks etdirməyən məlumatlar da beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmaqdan başqa bir şey deyildir. Ancaq anlamır ki, istər Aprel döyüşlərində, istər Naxçıvan əməliyyatında və bugünkü Tovuz istiqamətindən bu günə kimi baş verən təxribatların nəticəsi Paşinyan və onun kimi riyakar “yanların” yolu məğlubiyyət, qələbə isə Azərbaycanın olacaq!.

30 ilə yaxın bir müddətdə Ermənistanın işğalçılıq, qəsbkarlıq siyasətinə göz yuman, hər vəchlə onlara dəstək verən, bir dəfə də olsun işğalçılara onlara aid olmayan torpaqlardan çıxmasını tələb edən bəyanatlar verməyən beynəlxalq qurumlar da bir daha riyakarlıq göstərərək, əslində, yenə də Ermənistanın yanında yer aldılar. “Atəşkəsi dayandırın, sülh danışıqlarına başlayın!”- deyən bu havadarlar nəyə görə bu həssas, ağır bir durumda təcavüzkar Ermənistan hərbi-siyasi rəhbərliyinə «İşğal etdiyiniz torpaqlardan çıxın!» deyə müraciət etmədilər. Təbii ki, bu, haqlı olaraq riyakarlığın, ikiüzlülüyün, ermənipərəstliyin, xristian təəssübkeşliyinin təzahüründən başqa bir şey deyildir.

Azərbaycan Prezidenti İlham Əliyev istər müsahibələrində, istərsə də xalqımıza müraciətlərində dəfələrlə onlara ən tutarlı cavabını verib.

“Biz danışıqların əleyhinə deyilik, amma istəyirik ki, bunun mənası olsun, münaqişənin həllini tezləşdirsin”

“Biz danışıqların əleyhinə deyilik və dünən Amerikada keçirilən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz. Mən demək istəmirəm ki, mən bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun, münaqişənin həllini tezləşdirsin”.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 26-da xalqa müraciətində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrədə nəzərdə tutulan görüşünə münasibət bildirərkən deyib. Dövlətimizin başçısı Ermənistanın havadarlarına bir daha müraciət edib: «Sizə deyirəm, bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Yaxşı, onlara maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, Ermənistan ayaq üstə dura bilərmi? Yox!”.

“Ona görə indiki mərhələdə bizim mövqeyimiz ondan ibarətdir ki, biz hazırıq ki, bu məsələ indi hərbi-siyasi yollarla həll olunsun, amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT nümayəndəsinə göndərilir və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, bunlar nə qədər pozublar. Bizdə bütün məlumatlar var. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini həll etməlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

“Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz”

Dövlət başçısı beynəlxalq təşkilatların Ermənistanın bu riyakarlığına qarşı münasibət bildirmədiyini deyərək vurğulayıb ki, artıq Azərbaycan xalqının səbri tükənib: “Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. Baxın, indi görün böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri nə bilim hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Niyə biz bunu onda müdafiə etməliyik? Halbuki, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, öz beynəlxalq birlik tərəfindən tanınan, tanınmış torpaqlarımızı bərpa edirik”.

Dövlət başçısı deyib ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar.

Azərbaycan Prezidenti ən əsas məsələ vasitəçilərin neytral olmamasını da toxunub: “Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün”.

Prezident deyib ki, indi dörd rayon bizdədir: «O məsələ artıq qurtardı getdi, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlını özümüz götürmüşük. Bu rayonların böyük hissəsi bizdədir, keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi. Ona görə fikirləşsinlər».

“Bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir, biz təkbaşına icra edirik”

Ali Baş Komandan, Prezident İlham Əliyev müraciətdə BMT Təhlükəsizlik Şurasının fəaliyyəti ilə də bağlı bildirib ki, bu qurumun işlərini biz təkbaşına yerinə yetiririk: “Yığılmışıq boğaza bu danışıqlardan. Nə qədər bu düşmənlə danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyir ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir, biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu. İndi bunların bütün fəaliyyəti Ermənistanı xilas etməkdir. Aqressoru, təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur bu fəaliyyət”.

“Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb”,- deyən Prezident İlham Əliyev qeyd edib ki, sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir: “Və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var. Əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, neynəyib gətirib, necə boşaldıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb. Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”.

Bəli, Ermənistan rəhbərləri yeritdikləri siyasətlə özlərinə və xalqa dərin, çıxılmaz quyu qazırlar. Onlar saxta ölülərə ehtiram, dirilərə intiqam amalı ilə çalışıb düşmənçilik hisslərini alovlandırmaqla xalqı məhvə aparırlar. Ancaq qısa zaman ərzində Azərbaycan ordusu Ermənistana layiq olduğu yeri göstərdi. Ona görə də Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalı və hələ nə qədər gec deyil işğal altında olan torpaqlarımızdan çıxacağını elan etməlidir. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucaldılır, Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Döyüş meydanında böyük üstünlüyə malik olan Azərbaycan ordusu qarşısında uduzan Ermənistan ordusu bu həqiqəti qəbul etməli, işğal edilmiş torpaqları azad etməli və nəticədə məğlubiyyətini etiraf etməlidir.

Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev cənablarının bildirdiyi kimi: «Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq. Çünki bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

RƏFİQƏ KAMALQIZI