Ermənistan PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb - Hikmət Hacıyev

27 Oktyabr 2020 11:21 (UTC+04:00)

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb. SİA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Daily Sabah” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində PKK düşərgələri var, Ermənistanın istifadə etdiyi taktika isə qoşunların tərkibində PKK terrorçularının olduğunu göstərir: “Bölgədə tunellərin qazılması, atəş sistemləri, bütün bunlar PKK-ya xasdır. Azərbaycan hərəkət, taktik və xarakterik xarici görünüş baxımından Ermənistan qoşunlarının ilk sıralarında PKK-nın mövcudluğunu müəyyən edib”.

H.Hacıyev əlavə edib ki, PKK-nı terror təşkilatı hesab etməyən bütün ölkələr bəşəriyyətə qarşı cinayətlərə öz töhfəsini verir.