Daşnaklar Türkiyə səfirliyi qarşısında səs-küy salıblar Beyrutda

27 Oktyabr 2020 10:21 (UTC+04:00)

“Daşkansyutun” partiyasının bir qrup tərəfdarları Türkiyənin Beyrutdakı səfirliyi qarşısında aksiya keçiriblər. SİA xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumata görə, polis aksiyanın qarşısını almağa çalışarkən, qruplar asayiş keşikçilərinə daş və yandırıcı maddələr atıblar.

İki yüzə yaxın erməni Ankaranın Azərbaycana dəstəyindən narazı qaldıqlarını bildirərək, diplomatik binaya daxil olmağa cəhdlər göstəriblər. Lakin onların bu cəhdlərinin qarşısı sərt şəkildə alınıb.

Daşnaklar bir saata yaxın keçirdikləri aksiyalarında Türkiyənin, Azərbaycanın və İsrailin bayraqlarını yandırıblar. Məhz bundan sonra avtobuslar vasitəsi ilə insident yerini tərk ediblər.