Xalq artisti Murad Hüseynov: "Azərbaycan tarix boyu ermənilərin hücumlarına məruz qalıb"

26 Oktyabr 2020 14:14 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov CBC Azərbaycan televiziyasının “Qarabağda müharibə” layihəsinin qonağı olub. SİA-nın məlumatına görə, canlı efirdə “Azərbaycan mədəniyyətinin beşiyi Şuşa” mövzusunda çıxış edən Xalq artisti Qarabağ muğam məktəbi, musiqimizin məbədi və beşiyi olan füsunkar Şuşa şəhəri ilə bağlı düşüncələrini bölüşüb. Vurğulanıb ki, tarix boyu bu qala düşmən basqınlarına, hücumlarına məruz qalmışdırsa da, heç vaxt əyilməmiş, həmişə alınmaz olmuşdur. Müzəffər ordumuz 30 ilə yaxın düşmən əsirliyində qalan Şuşamızı da tezliklə azad edəcək. Bu gün işğal altında olan Şuşa qalasının, Şuşa şəhərinin mədəniyyətindən danışarkən onun unikallığını xüsusi qeyd etmək lazımdır.

Canlı efirdə həmçinin Xalq artistinin ulu babası, görkəmli siyasi xadim, tarixçi Mirzə Adıgözəl bəyin Qarabağın siyasi tarixini şərh edən “Qarabağnamə” əsəri haqqında söhbət açılmış bu əsərdə Qarabağın salnaməsinin əks olunduğu vurğulanmışdır.

Qeyd edək ki, Mirzə Adıgözəl bəy Azərbaycan dilindən başqa o, rus, fars, erməni və gürcü dillərini bilir, Şərq poeziyasını sevir, şeirlər yazırdı. 1845-ci ildə Mirzə Adıgözəl bəy Azərbaycan dilində 1736-cı ildən 1828-ci ilə qədər Qarabağın siyasi tarixini şərh edən salnaməsini görmə qabiliyyətinin zəiflədiyindən, diktə edərək yazdırmışdır. Əsər 1950-ci ildə nəşr olunmuşdur. "Qarabağnamə"də müəllif Qarabağın tarixi coğrafiyasını, etnik tərkibini, Qarabağda və onun ətrafında baş vermiş siyasi hadisələri, o cümlədən Azərbaycanın bu gözəl, mənzərəli guşəsində tikilib ucaldılan milli abidələrimiz, Qarabağ xanları tərəfindən yeni salınmış yaşayış məskənlərini geniş şəkildə qələmə alıb.

Qarabağda müharibə mövzusunda danışarkən isə bildirib ki, Ermənistan Dağlıq Qarabağda döyüş meydanında müharibəni uduzur. Elə buna görə də Azərbaycanın mülki obyektlərini və əhalisini raket atəşinə tutur. Ermənilərin mülki şəxslərə qarşı hücumları beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalıdır.