Ordumuzun qələbəsi üçün karantin rejiminə əməl edək!

26 Oktyabr 2020 12:09 (UTC+04:00)

Hər bir şəxs mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır; 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir. Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyi tələb edir.

Bildirilir ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq.

Yaqut Qarayeva: “Bu gün hər bir səhiyyə işçisi Azərbaycan Ordusunun və əsgərinin arxasındadır”

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib ki, Ordumuza dəstək olmaq istəyənlər COVİD mübarizəsinə qoşulsun: “Xüsusən gənclərimiz maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar. Çünki əmindilər ki, xəstəliyi yüngül keçirəcəklər”.

Y.Qarayeva bildirib ki, gənclər evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər: “Onlar düşünmürlər ki, nənə-baba artıq bu xəstyəliyi evdə yüngül müşahidə altında keçirə bilməyəcək. Bizdə evdə müalicə olan xəstələr arasında ona görə ağırlaşmalar qeydə alınmır ki, biz onların vəziyyətinə-yaşına baxırıq. Xroniki xəstəliyi olan insanı biz evdə müşahidə altında saxlamırıq. Biz onu birbaşa xəstəxnada saxlayırıq. Buna görə də gənclər bu məsələyə ciddi yanaşmalıdırlar”.

Sədaqət Vəliyeva: “Koronavirusla fəal mübarizə cəbhəyə, əsgərlərimizə və haqq işimizə ən böyük yardım və dəstəkdir”

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib ki, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb: “Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Xüsusilə də, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib”.

“Heç kəs unutmasın ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, hərbçilərimiz sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olur və bu prizmadan hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola, özü də bilmədən ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər.

“Buna görə də hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş, ilk növbədə, əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Məhz koronavirusla fəal mübarizə cəbhəyə, əsgərlərimizə və haqq işimizə ən böyük yardım və dəstəkdir”, - deyə o bildirib.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, hərbçilərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır: «İndi cəmiyyət olaraq qarşımızda duran əsas vəzifə xüsusi karantin rejiminin qaydalarına riayət etmək, maska taxmaq, şəxsi gigiyenanı gözləməkdir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir”.

Göründüyü kimi, müharibə şəraitində koronavirusla mübarizə həm də Ordumuza dəstəkdir. İndiki həssas məqamda – Dağlıq Qarabağda hərbi əməliyyatlar fonunda koronavirusla mübarizə ön cəbhəyə ən böyük dəstəkdir. Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, koronavirus xəstələrinin bu virusu cəbhəyə ötürməsi hər an baş verə bilər. Bu mənada, hər bir vətəndaş üzərinə düşən məsuliyyətini dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər deməkdir. Yəni koronavirusla mübarizə bizim üçün strateji əhəmiyyətə malik məsələdir. Sosial məsuliyyətimizi artırmaqla, ilk növbədə, özümüzü, hərbçilərimizi, nəticə etibarı ilə isə dövlətimizi və cəmiyyətimizi qorumuş olarıq.

Bu baxımdan, hər birimiz məsuliyyətli olmalı, karantin rejiminə əməl etməliyik. Çünki bu vəziyyətdə bizim üçün ikinci cəbhənin açılması deməkdir. Koronavirusla mübarizə ordumuza dəstəkdir, qələbəyə dəstəkdir. Biz kütləvi tədbirlərdən uzaq durmalıyıq, qoruyucu maskalardan istifadə etməliyik, ara məsafəsi saxalayaq və bu şəkildə qələbəmizə dəstək olaq! Biz birlikdə güclüyük! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

RƏFİQƏ HÜSEYNOVA