“İşğalçı Ermənistanı dayandırmaqla xalqımızı yüzillik bəladan xilas etmiş oluruq”

26 Oktyabr 2020 12:07 (UTC+04:00)

“Dərindən düşündükdə və vəziyyəti təhlil etdikdə görürsən ki, ilin-günün bu vaxtında Avropanın bir addımlığında hansısa dövlətin ərazisini otuz ilə yaxın bir müddət ərzində işğalda saxlamaq çox qəribə və ədalətsiz bir vəziyyətdir. Bəzən ciddi adamlar ya bilərəkdən və yaxud da bilmədən (düzü buna heç inanmağım gəlmir) qeyri-ciddi bəyanatlar verirlər. Məsələn, otuz ildir həll yoxdur deyə atəş açmaq lazım deyil demək, Azərbaycan xalqından öz suveren hüquqlarından vaz keçməyi tələb etmək deyilmi? Niyə axı bizə qeyri-adi təklif edən dövlətlər özləri çox sevdikləri erməniləri özlərinin ucsuz-bucaqsız ölkələrində yerləşdirmək istəmirlər? Qoyun gəlib sizə torpaq iddiası irəli sürsünlər, desinlər ki, məsələn, Rusiyanın Avropa hissəsində heç vaxt ruslar olmayıb, ermənilər bu yerlərdə ilk sakinlərdir. Yaxud Marseldə bir yalançı tarix yaratsınlar, ona da heykəl qoysunlar. Dözərsinizmi? Otuz il, otuz ay, otuz gün, heç otuz dəqiqə dözməzsiniz, əmin olun! Ona görə də Azərbaycan xalqının və dövlətinin öz ərazi bütövlüyünü təmin etmək hüququna bütün dünya hörmətlə yanaşmalıdır”. Bu fikirləri “Səs” qəzetinə aciqlamasinda Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev deyib.

O bildirib ki, Azərbaycan Respublikasının geosiyasi mövqeyinə nəzər saldıqda dərhal başa düşürsən ki, regionumuzda bu miqyasda hərbi əməliyyatlar aparmaq elə də asan məsələ deyildir. Lakin deməliyəm ki, Azərbaycanın apardığı əks-həmlə döyüş əməliyyatları artıq bir çox dövlətlər tərəfindən yaxından öyrənilir və Azərbaycan xalqının hərbi qüdrətinə hörmətlə yanaşılır: “Ali Baş Komandan əslində son illər hər görüşündə bu siqnalları verirdi. Azərbaycan xalqının səbri sonsuz deyil və xalqımız bu işğalla barışmayacaqdır. Çünki, tarix, beynəlxalq hüquq, qanunlar, vicdan və ədalət hamısı Azərbaycan xalqının tərəfindədir. Xalqımızın mübarizəsi haqq işidir. Biz öz torpaqlarımızda sülhə məcburetmə əməliyyatları aparır, əslində dünya dövlətlərinin 30 ildə edə bilmədiklərini otuz gündə edirik. Demək ki, bu münaqişənin hərbi həlli yolu yoxdur deyənlər ya riakarlıq edirlərmiş və yaxud da vəziyyəti düzgün qiymətləndirəcək qədər peşakar deyillərmiş. Azərbaycan çox qədim yaşayış məskənidir. Burda xalqımızın formalaşma, özünüdərk və milli məfkurəsinin təsdiqini tapması tam mənada 20-ci əsrin əvvəllərinə təsadüf edir. Çox təssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə formalaşmağa başlayan bu tarixi özünüdərk prossesi AXC-nin süqutu ilə uzunmüddətli geriləmə dönəminə daxil oldu. Lakin Azərbaycan xalqı öz müstəqilliyini yenidən qazandıqdan sonra yenidən milli amallar uğrunda mübarizə aparmağa, inkişaf etməyə başlamışdır. Bu gün xalqımızın öz lideri ətrafında bir nəfər kimi birləşməsi və dünyada formalaşmış ədalətsizliyə qarşı tək və dimdik dayanması bir daha Azərbaycan xalqının müqəddəs amallar uğrunda birləşməyə qadir olduğunu sübut etdi. Bilirsiniz ki, müharibə və hərbi əməliyyatlar vaxtı bir mərkəzdən idarə olunma, məlumatların bir mənbədən alınması çox əhəmiyyətli haldır. Ona görə də bütün məlumatları həm biz vətəndaşlar, həm də dünya birliyi cənab Prezidentin öz “tvit” paylaşımlarından və bəzən də özünün xalqa müraciətindən eşidə bilir. Sevindirici və qürur verən o anlar hər birimizin evində və qəlbində ümid çıraqlarını yandırır. Prezidentin ifadələri ilə otuz illik həsrət, qubar, soyuq, sazaq aradan qalxır. Bir istilik, bir bütövləşmə yaranır. Qarabağla və Qarabağ uğrunda bütövləşmə. Bütün sahələrin mahir bilicisi olan Cənab Prezident bir yazar tək öz çıxışını ədəbi əsər kimi hissələrə bölür. Giriş, hadisələrin inkişafı, kuliminasiya və hadisələri açaraq sona ən gözəl məqamı saxlayır. Bəli, hər kəs sonda hansı ərazilərin işğaldan azad olunması xəbərlərini gözləsə də əslində hər kəlməsində sözün bütün mənalarında “qızıl xırdalayır. Məsələn, mənə ən çox maraqlı olan məqam ermənilərin saz vəziyyətdə olan hərbi maşınlarını, texnikalarını və silah-sursatlarını qoyub qaçmasıdır. Zarafat gəlməsin, qısa müddət ərzində biz düşmənin toplam 280 tankını zərərsizləşdirmişik. Onlardan 241 tank məhv edilib, 39 tank isə hərbi qənimət kimi götürülüb. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu və 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan isə qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Bu qənimət kimi götürülən və məhv edilmiş silah-sursat haqqında məlumatların hamısı internetdə var və kim istəsə onlar haqqında məlumat ala bilər. Ümumi dəyəri 2(iki) milyard dollar dəyərində olan bu silahları kasıb, adi ehtiyaclarını qarşılaya bilməyən Ermənistan haradan alır? Xarici valyuta rezervləri cəmi 1.5 (bir tam onda beş) milyard dollar olan bu dövlət hansı vəsait hesabına bu məbləğdə silah ala bilir və yaxud da belə çıxır ki, ona hədiyyə olunur».

Azərbaycan bütün siyasi, iqtisadi və digər maneələrə rəğmən zəfər marşına çıxıb. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu və Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq məğlubiyyətlə barışmalıdır — deyən Ə.Haqverdiyev bildirib ki, hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır: "Biz ermənilərə yerini göstəriririk. Əks-həmlə əməliyyatı ilə biz regionumuzu ciddi bir təhlükədən xilas edirik. Bu, əlbəttə, asan başa gəlmir və biz şəhidlər veririk. Lakin bizi yolumuzdan heç bir qüvvə kənarlaşdıra bilməz və heç kim Azərbaycan Respublikasının Prezidentinin iradəsinə təsir edə bilməz. Bu, bir mənalıdır. Azərbaycan Ordusunu təxribata çəkmək istəyənlər, münaqişəyə üçüncü, dördüncü və digər tərəfləri cəlb etmək istəyənlər, döyüş gedən arealı böyütmək istəyənlər bilməlidir ki, Azərbaycan ordusunun dəfələrlə imkanları olmuşdur ki, Ermənistan ərazisinə daxil olsun. Lakin heç bir halda ordumuz bu addımı atmamışdır. Baxmayaraq ki, o torpaqların bizim tarixi torpaqlarımızdır, bizim Ermənistan ərazisində heç bir siyasi, hərbi hədəflərimiz yoxdur. Biz öz ərazimizdə öz suveren hüquqlarımızı bərpa edirik.

Çox təəssüflər olsun ki, ermənilər bir əsrdən artıqdır regionumuzda ciddi təxribatlar hesabına torpaqlar ələ keçirmiş və bu niyyətlərindən əl çəkməyərək, yeni konsepsiya irəli sürərək yeni ərazilər iddiasına düşmüşlər. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Özləri dünyanın müxtəlif yerlərindən terror dəstələrini Qarabağa yığaraq terroru dəstələdikləri halda onlarla tək başına döyüşən Azərbaycan əsgərinə qara yaxmağa cəhd edirlər. Lakin dünya bunların yalançı bəyanatlarından bezmişdir. Biz bu gün işğalçı Ermənistanı və onun hərbi-siyasi rejimini dayandırmaqla yüzillik bir bəladan xalqımızı xilas etmiş oluruq.

Nə Azərbaycan xalqı, nə Azərbaycan hakimiyyəti, nə də çoxəsrlik tariximizdə ölümə, qana, müharibəyə meyillilik yoxdur, bundan sonra da olmayacaq. Biz müharibə aparmırıq. Biz sülh prossesindən çıxmamışıq. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir. Cənab Prezidentin dediyi kimi əgər erməni əsgəri ölmək istəmirsə çıxsın Azərbaycan ərazilərindən. Düşmən torpaqlarımızı tərk etmə haqqında sənədi təqdim etdiyi halda döyüşlərin qaynar fazası dayanacaqdır.

Biz əslində beynəlxalq təşkilatların və dünya birliyinin işğalçı qarşısında itirdiyi hörmətini geriyə qaytarırıq. Ermənistan illərdir dünya birliyini saymamaqla bütün həddləri aşmışdır. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. Azərbaycanı atəşkəsə dəvət edən dövlətlərin bir çoxunun Azərbaycan ərazilərinin azad olunması ilə bağlı sənəddə imzaları vardır. İndi bu dövlətlər niyə öz sözlərinə və imzalarına sahib çıxmır? Bizim isə sözümüz imzamız qədər dəyərlidir. Azərbaycan ötən atəşkəs müddətində boş oturmamışdır. Hərbi sahədə uğurlarımız aydındır. Lakin biz diplomatik sferada dünya birliyinə töhfələr verərək, ciddi dəstək qazana bilmişik. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır”.

Artıq hər şey aydındır! Azərbaycan bütün sferalarda qalib və haqlıdır, deyə fikirlərini davam etdirən Ə.Haqverdiyev vurgulayib ki, düşmənin başına endirilmiş zərbə onun belini qırmışdır: “Bizim daha gözəl xəbərlər alacağımıza heç bir şübhəm yoxdur. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi reallaşdırır. Xalqın öz rəhbərinə, onun sözünə inamı Şuşaya gediş tariximizi günbəgün yaxınlaşdırır. Müzəffər, rəşadətli ordumuz və onun qüdrətli Ali Baş Komandanı, biz əminik ki, siz nəyi, necə, nə zaman etmək lazım olduğunu hər kəsdən yaxşı bilirsiniz və biz sizə inanırıq!”

Zümrüd BAYRAMOVA