"Düşmən istəyinə nail ola bilmədi" ÖZƏL-MÜNASİBƏT

26 Oktyabr 2020 10:48 (UTC+04:00)

“Ermənistan cəbhədəki uğursuzluğunu pərdələmək üçün Azərbaycanın böyük şəhərlərində terror hadisələri törətdi. Düşmənin öz xalqı qarşısında sözü olmadığı üçün, təsəli məqsədilə silahını Azərbaycanın mülki əhalisinə çevirir. Sosial mediadan da açıq görünür ki, nəinki onlar döyüşlərdəki itkilərin qisasını sivil insanlardan almağın tərəfdarıdır. Azərbaycanın böyük infrastruktur mənbəyi olan Mingəçevir və Gəncənin raket atəşinə məruz qalması mənfur düşmənimizin əsl simasını dünyaya bir daha göstərdi. Ermənistanın cəzasız qalması isə onun daha çox cinayət törətməsinə səbəb olur. Dünya ölkələrinin beynəlxalq ictimaiyyət qarşısında müəyyən öhtəlikləri var ki, Ermənistan bunları heçə sayır”. Bunu SİA-ya millət vəkili Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərin raket atəşinə tutulmasında Ermənistanın məqsədi danışıqlar kontekstində Azərbaycana təzyiq göstərməkdir: “Çünki artıq İrəvan da Bakının Dağlıq Qarabağ ərazilərini və bitişik bölgələri geri qaytarmaq fikrində ciddi olduğunu başa düşür və münaqişə zonasından kənar bölgələrdə raket zərbələri ilə Azərbaycan əhalisini ruhdan salmağa çalışır.

Gəncəyə ilk raket atəşi 4 oktyabrda açılıb. Nəticədə 3 mülki şəxs həyatını itirdi, bir sıra yaşayış məskənləri dağıdıldı. 10 oktyabr Moskıvada atəşkəs imzalandı , lakin düşmən oktyabrın 10-dan 11-ə keçən gecə növbəti dəfə Gəncədə sivil insanların yaşadığı əraziləri raket atəşinə tutdu və 3 yaşayış binası tamamilə məhv oldu. Həmin binalarda yaşayan bir çox insanın həyatı, arzuları, ümidləri də puç oldu. 17 oktyabrda Gəncə yenə düşmənin hədəfinə çevrildi. Atılan raketin nəticəsində 14 nəfər həyatını itirdi, 50-dən çox insan yaralı olaraq xəstəxanalara yerləşdirildi.

Ümumiyyətlə, Gəncəni hədəf alan raketlər yaşayış məskənlərinə tuşlanmışdı. Hazırda bərpa işləri aparılır, vətəndaşlara dəyən zərər hesablanır. Ən böyük müsbət hal isə odur ki, insanların əhval-ruhiyyəsi olduqca yüksəkdir. Hər kəs qələbəyə köklənib. İnsanlarımız birlik və bərabərlik içərsindədir. Evlərini itirənlərə həm dövlət, həm də vətəndaş qayğısı var. Bu qayğı Gəncə ilə məhdudlaşmır, bütün Azərbaycanı əhatə edir. Ölkəmizdə olan özəl şirkətlər də vətəndaşlara maddi və mənəvi dəstək olur. Gəncə terroru nəticəsində ata-anasını itirən uşaqlar müəyyən şirkətlər və iş adamları tərəfindən himayə olundu. Bütün bunlara əsaslanıb deyə bilərəm ki, düşmən istəyinə nail ola bilmədi. Xalqımızın əhval-ruhiyyəsinə təsir edə bilmədi!”.