Nyu-Yorkda Trampa açıq dəstək nümayiş etdirən bir polis işindən kənarlaşdırılıb

26 Oktyabr 2020 07:04 (UTC+04:00)

Nyu-York polisinin bir əməkdaşı ABŞ-ın hazırkı prezidenti Donald Trampa açıq dəstəyini nümayiş etdirdiyinə görə işindən kənarlaşdırılıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı şəhər polisinin rəhbəri Dermot Şi özünün “Twitter” səhifəsində paylaşıb.

Bildirilir ki, həmin polis əməkdaşı xidməti avtomobildə quraşdırılımış səsgücləndirici vasitəsi ilə “Tramp 2020” şüarı səsləndirirmiş. Sonradan onun bu dəstəyi ətrafdakılar tərəfindən kameraya çəkilərək internetə yerləşdirilib.

“Bu hadisədə iştirak edən polis məmuru müəyyən edildi və məvacibi ödənilmədən xidmətdən kənarlaşdırıldı. Təkrar edirəm, hüquq-mühafizə orqanlarının əməkdaşları siyasətdən kənar qalmaq məcburiyyətindədirlər və bununla da insanlara qanunun hər kəsə bərabər və siyasi üstünlüklərindən asılı olmayaraq tətbiq olunduğunu göstərməlidirlər”, - paylaşımda belə qeyd olunub.