Səudiyyə Ərəbistanında Azərbaycanın ədalətli mövqeyindən danışılıb

25 Oktyabr 2020 13:19 (UTC+04:00)

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin təşəbbüsü ilə Ər-Riyadda yerləşən Rus-Ərəb Tədqiqatları və İnformasiya Mərkəzində "Qarabağ… Azərbaycan-Ermənistan böhranının oxu" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev, Azərbaycan Silahlı Qüvvələrinin bu ölkədəki müdafiə attaşesi, səfirliyin ikinci katibi İmran Sadıxov, tanınmış səudiyyəli politoloqlar, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərkəzin rəhbəri Macid Ət-Turki iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Natiq humanitar təşkilatın nümayəndəsi qismində 1990-cı illərdə ölkəmizdə olmasından və Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş azərbaycanlı qaçqınlarla görüşlərindən, habelə həmin dövrdə Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin siyasi dühasından və Azərbaycanın bir çox regional güclərin hədəfi halına gəlməsindən danışıb. M.Ət-Turki, həmçinin 2016-cı ilin aprel döyüşləri, Ermənistanın təxribatı nəticəsində cari ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən döyüşlər və Azərbaycan Ordusunun sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları barədə məlumat verərək Səudiyyə Ərəbistanının münaqişə ilə bağlı mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin təşkilində dəstəyə görə mərkəzin direktoruna təşəkkürünü bildirən səfir Ş.Abdullayev Qarabağın tarixindən, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrindən, ermənilərin İran və Anadoludan Qarabağa köçürülməsindən danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə toxunub. Dağlıq Qarabağın əsrlərboyu, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə ölkəmizin tərkib hissəsi olduğunu bildirən diplomat Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının ötən əsrin 80-ci illərinin sonlarından etibarən başladığını, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz aktı törədərək Dağlıq Qarabağ və ona bitişik olan 7 rayonu işğal etdiyini vurğulayıb. Müharibə nəticəsində minlərlə insanın həyatını itirdiyini bildirən səfir BMT Təhlükəsizlik Şurasının ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tamamilə işğal edilmiş torpaqlardan çəkilməsini tələb edən qətnamələrini qeyd edib.

Hazırda davam edən hərbi toqquşmalarla bağlı suala cavab verən Ş.Abdullayev Ermənistan müdafiə nazirinin "yeni ərazilər üçün yeni müharibə" iddiasını sitat gətirərək Ermənistanın iyul və avqust aylarında törətdiyi təxribatlardan bu ölkənin müharibəyə açıq şəkildə hazırlaşmasından, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq, mülki şəxslərin və sıx məskunlaşma yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə, habelə özünü müdafiə hüququndan çıxış edərək və beynəlxalq humanitar hüququn tələblərini gözləyərək əks-hücum tədbirləri gördüyünü diqqətə çatdırıb. O, Azərbaycanın öz torpaqlarında ərazi bütövlüyününü bərpa etmək və Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün vuruşduğunu vurğulayıb.

Ş.Abdullayev Ermənistanın mülki əhalini və infrastrukturu atəşə tutmasının səbəb olduğu itki və zərərlər barədə məlumat verərək düşmənin mülki əhalini məqsədyönlü şəkildə atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də beynəlxalq humanitar hüququ və 1949-cu il Cenevrə konvensiyasının tələblərini kobud səkildə pozduğunu bildirib. O, Azərbaycanın öz mülki əhalisini müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək haqqına malik olduğunu bildirərək son gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu qeyd edib.

Diplomat Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyib. Əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri öz mandatlarına uyğun olaraq Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməsini tələb etməli və ona təzyiq göstərməlidir, vasitəçilik səyləri isə yalnız Ermənistanın beynəlxalq hüquqa riayət etdiyi və işğal edilmiş ərazilərdən dərhal çəkilməyə başladığı halda uğurlu ola bilər. Diplomat Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqlik nümayiş etdirdiyini, Ermənistanın isə münaqişənin sülh yolu ilə həllini istəmədiyini bildirib.

Ermənistanın yeni rəhbərliyinin törətdiyi təxribatçı əməlləri vurğulayan səfir N.Paşinyanın sərsəm "Qarabağ Ermənistandır." bəyanatının, onun dəfələrlə işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etməsinin, oğlunu işğal altındakı ərazilərə hərbi xidmətə göndərməsinin, mart ayındakı qondarma seçkilərin, Şuşada qondarma andiçmə mərasiminin təşkil edilməsinin və qondarma rejimin "paytaxt"ının Şuşaya köçürmək niyyətinin danışıqlar prosesini pozan məqsədyönlü təxribat əməlləri olduğunu diqqətə çatdırıb.

Rus-Ərəb Tədqiqatları və İnformasiya Mərkəzinin rəhbəri Macid Ət-Turki Səudiyyə Ərəbistanında ictimai rəyin Azərbaycanın tərəfində olduğunu, bunun çox mühüm amil kimi gözardı edilməməsinin zəruriliyini qeyd edib.

Beynəlxalq münasibətlər və sərhəd məsələləri üzrə professor Əbdürrəhman Əş-Şəmlan isə çıxışında XX əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində baş verən proseslərdən, Osmanlı dövləti ilə Rusiya arasındakı rəqabətdən, Cənubi Qafqazda cərəyan edən hadisələrdən və Azərbaycan Xalq Cünhuriyyətinin yaranması tarixindən danışıb. Natiq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayaraq Sovet hakimiyyəti dövründə Ermənistan və Azərbaycanla eyni səviyyədə davranılmadığını və bunun bir çox səbəblərinin olduğunu söyləyib. Ə.Əş-Şəmlan Azərbaycanda məzhəbçilik meyllərinin güclü olmadığını və milli dəyərlər amilinin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Ermənistanla bağlı fikirlərini bölüşən professor erməni krallıqları ilə bağlı iddiaların əsassız olduğunu deyib.

Tanınmış səudiyyəli jurnalist və siyasi şərhçi Süleyman Əl-Uqeyli özündən əvvəlki natiqlərin daha çox münaqişənin tarixi aspektlərindən bəhs etdiklərini vurğulayaraq problemin siyasi tərəfləri barədə danışmaq istədyini bildirib. O, münaqişənin geosiyasi tərəflərinə toxunub.

Sonra Ş.Abdullayev və Ə.Əş-Şəmlan iştirakçıların suallarını cavablandırıblar. Çıxış edənlər beynəlxalq hüquq və ədalət prinsipləri nöqteyi-nəzərindən Azərbaycanın haqlı olduğunu vurğulayıblar.