Azərbaycanlı jurnalist İordaniya mətbuatında erməni terroru və Ordumuzun zəfərlərindən yazdı

23 Oktyabr 2020 11:09 (UTC+04:00)

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev İordaniyanın Nayrouz.com saytında son günlərdə Ermənistanın Azərbaycanın müxtəlif şəhərlərində mülki əhaliyə qarşı terror və faşizm siyasətindən, həmçinin Azərbaycan Ordusunun zəfərlərindən yazıb.

C.Şahverdiyev qeyd edib ki, Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir.

Sentyabrın 27-dən başlayaraq, erməni hərbi birləşmələrinin bütün cəbhə boyu yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması da Ermənistanın terror və faşizm siyasətinin davamıdır. Bu hücum nəticəsində 70-dən çox mülki Azərbaycan vətəndaşı həlak olub, yüzlərlə mülki vətəndaş yaralanıb, minlərlə yaşayış evləri, obyektlər dağıdılıb. Həyatını itirənlər arasında bələkdə olan körpələr və uşaqlar da olub. Ermənilər Gəncə şəhəri, Mingəçevir, Tərtər, Ağdam, Ağcabədi və başqa rayonlarda yaşayan mülki əhalini raket atəşinə tutmaqla 1992-ci ildə törətdikləri Xocalı soyqırımını təkrarlayırlar.

Müəllif onu da vurğulayıb ki, Azərbaycan ordusunun işğal edilən torpaqlarımızı azad etdiyi, döyüş meydanında zəfər qazandığı bir vaxtda ermənilərin mülki əhalini hədəfə alması qorxaqlıq, acizlik deməkdir. Çox təəssüflər olsun ki, yenə də dünya birliyi, Minsk qrupu həmsədr ölkələri, BMT və digər beynəlxlaq təşkilatlar işğalçı Ermənistana təsir etməkdən yayınırlar. Beynəlxalq qanunları pozan Ermənistan baş naziri Paşinyan mütləq hərbi tribunal qarşısında cavab verməli, törətdiyi əməllərə görə öz cəzasını almalıdır. Azərbaycan hazırda bu məsələlərlə bağlı diplomatik, siyasi və digər bütün istiqamətlər üzrə fəal iş aparmaqdadır. Əgər beynəlxalq təşkilatlar bu cinayəti lazımınca qiymətləndirməsələr, Ermənistana müvafiq cəza tədbirləri tətbiq etmək istəməsələr, Azərbaycan bunu edəcəkdir. 30 ildir işğalda qalan torpaqlarımızın azad edilməsiylə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası, Avropa Birliyinin qərarlarının olmasına baxmayaraq bu vaxtadək işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Ermənistanın bütün cinayətlərinin üstü örtüldü. Amma 30 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı edilən bütün cinayətlərin cəzasını Azərbaycan Ordusu verir, bundan sonra da verəcəkdir.

Yazıda o da qeyd olunub ki, Ermənistanın bütün anti-humanist addımlarına rəğmən, Azərbaycan xalqı böyük cəsarət nümayiş etdirir. Hazırda cəbhəboyu ərazilərdə yaşayan sakinlərin heç biri evini tərk etməyib, əksinə orduya mənəvi dəstək verir. Azərbaycan Ordusu da müharibədə qəbuledilməz qanunları – mülki əhalinin hədəfə alınması – pozmadan işğal olunmuş torpaqların azad olunması istiqamətində inamla irəliləyir. Düşmən artıq Azərbaycan Ordusu qarşısında diz çöküb. Yaxın günlərdə Azərbaycan bayrağının Şuşada dalğalanacağına heç kimin şübhəsi olmasın. Azərbaycan güclü ordusu, güclü lideri, Ali Baş Komandanı, xalq-hakimiyyət-ordu birliyi var. Qarabağ Azərbaycandır!