Nurlan Novruzovun komandası doğma meydanda məğlubiyyətə üzülüb

21 Oktyabr 2020 23:57 (UTC+04:00)

Futbol üzrə Estoniya çemponatında 24-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Flora” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 24 turdan sonra 21 xalla 7-ci pillədə qərarlaşıb.