Böyük Qafqazın bəzi yerlərində leysan yağıb

21 Oktyabr 2020 17:11 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 20-si gündüzdən 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi əsib, arabir güclənib. Xidmətdən SİA-ya bildiriblər ki, düşən yağışın miqdarı Sarıbaş (Qax), Zaqatalada 34, Balakəndə 29, Lənkəranda 11, Tovuz, Oğuzda 8, Kişçayda (Şəki) 7, Şəkidə 5, Şəmkir, Ceyrançöl, Quba, Qusarda 4, Astarada 3, Yardımlı, Lerikdə 2, Qəbələ, Daşkəsən, Qrız, Mingəçevir, Yevlax, Gədəbəy, Naftalan, Sumqayıt, Maştağa, Bakıda 1 millimetrədək olub.

Sumqayıt, Pirallahı, Çilov adası, Göygöl, Balakən, Zaqatala, Qusar, Qrız, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görüntü 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi Naftalanda 26, Neftçala, Ağstafa, Tovuzda 20, Biləsuvar, Salyan, Ağdamda 16, Bakıda və Abşeron yarımadasında 15-18 metr/ saniyə olub, yarımadanın bəzi yerlərində arabir saniyədə 20-25 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.