Qürurumuz olan Azərbaycan bayrağı işğaldan azad olan toraqlarımıza sancılır - TƏHLİL

21 Oktyabr 2020 14:42 (UTC+04:00)

Prezident İlham Əliyev: "Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq"

"Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşləri onu göstərdi ki, biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edə bilərik. Onu göstərdi ki, Azərbaycan Ordusu böyük gücə malikdir. Onu göstərdi ki, bu, bizim torpağımızdır. Cocuq Mərcanlıya uzun fasilədən sonra qayıdan vətəndaşlar, o cümlədən yeniyetmələr, uşaqlar, - o insanlar ki, heç vaxt orada olmayıblar, onlar qayıdıblar oraya, - onu göstərir ki, hər bir köçkün torpaqlar işğaldan azad olunandan sonra öz doğma torpağına qayıdacaqdır". Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksilərini birinin açılış mərasimində çıxışı zamanı bildirmişdi. Cənab Prezident çıxışlarında dəfələrlə qeyd edirdi ki, torpaqlar işğaldan azad olunandan sonra biz bütün şəhərləri yenidən quracağıq, biz bu şəhərlərə yeni həyat verəcəyik: "O şəhərlər ki, indi yerlə-yeksan edilib. Orada, işğal edilmiş torpaqlarda demək olar ki, bütün binalar dağıdılıb".

Bəli, artıq həmin zaman yetişir. Bir çox ərazilərimiz işğaldan azad olunub, bir qismi uğrunda isə Vətən Müharibəsi davam edir. Bizim rəşadətli ordumuz düşmənə dərs verir. Elə dərs ki, tarix boyu Azərbaycana qarşı işğalçılıq siyasətinin yeridərək torpaq iddiası ilə ölkəmizə əl uzadan ermənilərin bu gün o əlləri məhv edilir. Cənab Prezidentin vurğuladığı kimi: "Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır".

"TORPAQLARIMIZI 30 İLƏ YAXIN İŞĞAL ALTINDA SAXLAYAN DÜŞMƏN DÖYÜŞ MEYDANINDA AZƏRBAYCAN ORDUSUNUN GÜCÜNÜ GÖRÜR"

Vətən deyib cəbhəyə yola düşən Azərbaycan əsgəri döyüşdə gücünü erməniyə göstərir. Hər gün qələbə sorağı alırıq. Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən Müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Bu gün hər bir azərbaycanlı Cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə aparır. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirdiyi kimi, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır: "Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq".
Bəli, Azərbaycan ordusu düşməni öz torpaqlaından qovur. Cənab Prezidentin vurğuladığı kimi, "Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?”. Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq". Əlbəttə ki, Azərbaycan ordusu yeni tarix yazır. Dövlət başçısının hər gün "Twitter" hesabında, "Twitter" vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adları yazılır. Bu hər kəsi sevindirir. Hər dəfə xalqımız Ali baş Komandanını xalqa müraciətini səbirsizliklə gözləyir. Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılması hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisədir.

Oktyabrın 20-də Cənab Prezidentin xalqa müraciəti zamanı Füzuli rayonunun, Cəbrayıl rayonunun, Xocavənd rayonunun işğaldan azad edilmiş yaşayış məntəqələrinin adları ilə yanaşı, Zəngilan rayonu ərazisində yerləşən Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhərinin işğaldan azad olunmasını xalqa çatdırması böyük bir müjdə oldu.

"ŞANLI AZƏRBAYCAN ORDUSU ZƏNGİLAN RAYONU ƏRAZİSİNƏ DƏ DAXİL OLUB, GİRİB VƏ YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN AZAD OLUNMASI TƏMİN EDİLİB"

29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular. Bu gün Ali Baş Komandanın bildirdiyi kimi, "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib".

Xatırladaq ki, Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Ərazisi – 707 km²-dir. Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Onun tarixin əks etdirən Yura və Təbaşir dövrü süxurlarının 150-200 min il əvvələ aid olduğunu sübut edir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.

Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur. XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur

UZAQ KEÇMİŞDƏN BU GÜNÜMÜZƏ QƏDƏR OLAN NÜMUNƏLƏR TARİXİMİZİ YAŞADIR

Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.
Mənbələrdə göstərilir ki, XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. "Zəngilan şəhəri" dedikdə əslində Pircavan şəhəri nəzərdə tutlmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan yaxud da Pirçivan olmuşdur. Lakin sözün kökündə "Pir" sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədi ilə rayona 1930-cu ildə Zəngilan adı verilmişdir. 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verildi.

Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur.
Zəngilan memarlıq abidələri ilə də zəngin bir diyardır. Həmin abidələrdən biri də Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və yuyub aparıb. Abidənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilmişdir. Tarix diyarşünaslıq muzeyi rayon mərkəzində yerləşib. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirdi. Daş heykəllər muzeyi Ağ oyuq deyilən yerdədir. Burada müxtəlif dövrlərə aid daş abidələri vardır. Hər daşında bir tarix yaşayır. Hər bir ərazisi Azərbaycan tarixindən xəbər verir. Belə zəngin tarixi ilə tanınan Zəngilanın artıq bir neçə kəndi və Zəngilan şəhəri artıq işğaldan azad olub. Bu gün Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır. Üç rəngli Azərbaycan Bayrağı. Gün olacaq ki, Qarabağımızda Bayrağımız dalğalanacaq.

AZAD AZƏRBAYCAN BAYRAĞI. QÜRURUMUZ, KİMLİYİMİZ olan AZƏRBAYCAN BAYRAĞI!

Nəzakət ƏLƏDDİNQIZI