Milli Məclis və İtaliya Senatı deputatlarının videokonfrans formatında görüşü keçirilib

21 Oktyabr 2020 14:00 (UTC+04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının üzvləri arasında videokonfrans formatında görüş keçirilib. SİA xəbər verir ki, videokonfransı İtaliya tərəfindən Komissiyanın sədri Rosario Petroçelli açaraq görüşün təşkilinə görə azərbaycanlı həmkarlarına təşəkkürünü bildirib.

Qeyd edib ki, İtaliyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verənlər diqqətlə izlənilir. Ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən İtaliya hökuməti və xalqı tezliklə münaqişənin bitəcəyinə, qaçqın və köçkünlərin öz evlərinə qayıdacağına, Azərbaycan torpaqlarının işğalına son qoyulacağına ümid edir.

Rosario Petroçelli bildirib ki, İtaliya ATƏT-in Minsk qrupuna üzv olan 13 ölkədən biri kimi hər zaman münaqişənin dinc yolla nizama salınmasını dəstəkləyib. Cənubi Qafqazda baş verənlərdən narahat olduqlarını vurğulayan komissiya sədri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək tələbində haqlı olduğunu deyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov italiyalı həmkarlarına Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu, cəbhə xəttindəki vəziyyət barədə ətraflı məlumat verib. Komitə sədri bildirib ki, təcavüzkar Ermənistan 30 ildir münaqişənin sülh yolu ilə həlli məsələsinə laqeyd yanaşıb, Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayıb.

Qeyd edib ki, iki il əvvəl Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi isə vəziyyəti bir qədər də gərginləşdirdi. Heç bir siyasi səriştəsi və savadı olmayan Paşinyanın “Qarabağ Ermənistandır”, “Dağlıq Qarabağ üçün mücadilə edəcəyik” kimi fikirləri, ikitərəfli danışıqların məcrasını dəyişmək, münaqişəyə separatçı “Dağlıq Qarabağ Respublikasını” 3-cü tərəf kimi cəlb etmək istəyi gərginliyi daha da artırdı.

Səməd Seyidov vurğulayıb ki, bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması, sentyabrın 27-də isə düşmənin cəbhə xəttinin müxtəlif istiqamətlərindən hücuma keçməsi xalqımızı öz tarixi torpaqlarını hərb yolu ilə azad etməyə sövq edib.

Komitə sədri Ermənistanın son günlərdə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını, cəbhə xəttindən kənarda yerləşən, ölkənin ikinci böyük şəhəri olan Gəncəyə dalbadal raket zərbələri endirərək dinc əhalini qətlə yetirməsini, mülki obyektlərin, evlərin və infrastrukturun böyük dağıntılara məruz qalmasını diqqətə çatdırıb. Bu terror nəticəsində azyaşlı uşaqların, məktəblilərin, qadınların, qocaların həlak olduğunu vurğulayıb. Azərbaycan ordusunun əks-hücuma keçdiyini, hərbi əməliyyatları öz torpağında, beynəlxalq hüquq normaları çərçivəsində apardığını bildirib.

Qeyd olunub ki, Azərbaycan bir qarış torpağını belə işğal altında qoymayacaq. Artıq müzəffər ordumuz torpaqlarımızın bir qismini separatçılardan azad edib.

Videokonfransda İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli qeyd edib ki, Ermənistan hakimiyyəti cəbhə xəttində Azərbaycan ordusunun şanlı qələbələri ilə barışa bilmədiyi üçün müxtəlif hiylələrə əl atır. Bir tərəfdən münaqişəyə dini don geyindirməyə çalışır. Digər tərəfdən Azərbaycan ordusunun tərkibində muzdlu terrorçuların olduğunu iddia edir. Bundan başqa, Türkiyənin Azərbaycana hərbi dəstəyindən danışır. Amma bütün bunlar həqiqətə uyğun deyil.

Bildirilib ki, Azərbaycan ordusunun tərkibində ölkəmizin vətəndaşları olan müxtəlif xalqların nümayəndələri - ruslar, belaruslar, gürcülər, ukraynalılar, yəhudilər var. Dünyanın ən tolerant dövlətlərindən biri olan Azərbaycanda multikultural dəyərlər yüksək səviyyədə inkişaf edib.

İşçi qrupun rəhbəri ölkəmizdə yaşayan müxtəlif millətlərin Vətənə bağlı olduqlarını söyləyib və bunun işğalçı Ermənistanın antiazərbaycan təbliğatına ən parlaq və layiqli cavab olduğunu deyib. Son günlərdə rus xalqının nümayəndəsi Denis Proninin Azərbaycanın müdafiəsinə qalxaraq şəhidlik zirvəsinə ucalmasını bunun bariz nümunəsi kimi göstərdi.

Azər Kərimli onu da bildirib ki, Türkiyənin Azərbaycana dəstəyi ancaq bir qardaşın digər qardaşa olan mənəvi dəstəkdir. Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı mübarizənin ilk günündən Türkiyə Cümhuriyyəti Azərbaycanın yanında olduğunu, xalqımızın haqq işini dəstəklədiyini açıq şəkildə bəyan edib.

Sonra görüşdə millət vəkilləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Sevil Mikayılova, Nigar Arpadarai, Cavanşir Feyziyev çıxış edərək ötən əsrin ən dəhşətli faciələrindən olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımından, işğal altında olan torpaqlarımızda Azərbaycanın tarixi və mədəni abidələrinin dağıdılmasından söhbət açıblar. Son günlərdə erməni silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağdan uzaqda yerləşən şəhər və qəsəbələrini, kəndlərini, burada yaşayan mülki insanları hədəfə almasından bəhs ediblər. Qeyd olunub ki, bu cür hərəkətlər Cenevrə Konvensiyasının və beynəlxalq humanitar hüququn tələblərinə ziddir, müharibə cinayətidir.

Bildirilib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə, 30 ildən bəri qaçqın və məcburi köçkün vəziyyətində olan soydaşlarımızın doğma ocaqlarında yaşamaq hüquqlarını bərpa etməyə çalışır.

Onlayn görüşdə İtaliya Senatının üzvləri Laura Garavini, Adolfo Urso, Enriko Aiminin münaqişə ilə bağlı suallarına deputatlarımız tərəfindən konkret faktlara söykənən cavablar verilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uydurulan və dünya ictimaiyyətinə təqdim edilən heç bir əsası olmayan cəfəng fikirlər Azərbaycanın ədalətli mövqeyinə kölgə salmaq cəhdidir. Ermənistan müxtəlif hiylələrə əl ataraq uydurma “erməni soyqırımı” iddiası ilə çıxış edir, Azərbaycanın guya münaqişəni dini müstəvidə apardığını deyir.

Deputatlarımız erməni tərəfinin yalan və böhtanlarını ifşa edən məlumatları qonaqların diqqətinə çatdıraraq, İtaliya Senatı üzvlərini Ermənistan nümayəndələri ilə görüşlərdə onların reallıqdan uzaq olan iddialarına uymamağa çağırıblar, Azərbaycan tərəfinin münaqişəyə dair təqdim etdiyi tarixi faktlara əsaslanan sənədləri nəzərə alaraq, məsələyə ədalətli yanaşacaqlarına inamlarını ifadə ediblər.

Videokonfransın sonunda İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Rosario Petroçelli aparılan fikir mübadiləsinin səmərəli olduğunu bildirib, tezliklə koronavirus pandemiyasının bitməsi və normal şəraitdə qarşılıqlı görüşlərin keçirilməsi arzusunu ifadə edib.