Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

21 Oktyabr 2020 09:09 (UTC+04:00)

Şanlı Azərbaycan ordusunun işğalçı Ermənistanın qanlı təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir ölkə vətəndaşında böyük ruh yüksəkliyi yaradır. Böyük qələbəyə inam hissini artırır.
Ordumuzun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat vəsait köçürüb.