www.karabakhrealities.com adlı ingilis dilində veb səhifə istifadəyə verilib

20 Oktyabr 2020 16:43 (UTC+04:00)

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə qrant müsabiqəsi çərçivəsində Azərbaycan-Amerika Gəncləri İB tərəfindən icra edilən “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq yanaşma” layihəsi çərçivəsində www.karabakhrealities.com adlı ingilis dilində veb səhifə istifadəyə verilib. SİA-nın verdiyi məlumata görə, yeni yaranan veb səhifədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində mövcud olan beynəlxalq yanaşma, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən 4 qətnaməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının beynəlxalq aspektləri, qəbul olunan qərarlar, ATƏT, AŞPA, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan tərəfindən ərazilərimizin işğalı və bunun nəticəsində ölkəmizdə yaranan humanitar problemlərə dair qətnamələr və sənədlər veb səhifədə geniş yer alıb. Oxucular veb səhifəyə daxil olaraq münaqişənin tarixi və hazırki vəziyyəti, danışıqlar və nizamlanma prosesi, öz vətənindən didərgin salınan məcburi köçkünlərimiz, Ermənistanın ərazimizdə aparılan etnik təmizləmə siyasəti və törətdiyi Xocalı soyqırımı ilə bağlı obyektiv və dolğun məlumatlar ala bilərlər. Veb səhifədə yerləşdirilən məlumatlar beynəlxalq ictimaiyyətin nümayəndələrinə imkan verəcək ki, Azərbaycan tərəfinin münaqişə ilə bağlı apardığı beynəlxalq səylər, beynəlxalq təşkilatlarla əməkdaşlığı, beynəlxalq hüququn Azərbaycan tərəfdə olmasına dair reallıqlarla tanış olsunlar.

Veb səhifə eyni zamanda xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının, fərdlərin münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xaricdə təbliğat üçün istifadə oluna bilər. Veb səhifənin dünya ictimaiyyətinə çatdırdığı əsas mesaj ondan ibarətdir ki, Ermənistanın Azərbaycanla bağlı apardığı təbliğat yalan üzərində qurulub, çünki Azərbaycan multikultural dövlətdir, beynəlxalq ictimaiyyətə açıqdır və münaqişənin həlli ilə bağlı dünya dövlətləri və beynəlxalq təşkilatlarla konstruktiv və fəal əməkdaşlıq edir və ermənistandan fərqli olaraq qəbul edilən beynəlxalq qətnamələrə və atəşkəsə ciddi əməl edir. Veb səhifədə eyni zamanda Ermənistanın apardığı işğalçılıq və terror siyasətinin dövlət səviyyəsində olması, dinc əhalini hədəf alması, danışıqlarda göstərdiyi destruktiv yanaşma geniş nümayiş olunur.