"Azərbaycan əldə etdiyi qələbənin daimiliyinə, əbədiliyinə inanır" - ŞƏRH ÖZƏL

20 Oktyabr 2020 14:34 (UTC+04:00)

"Azərbaycan dövləti bir tərəfdən torpaqlarımızın erməni işğalından azad olunmasına yönəlmiş qalibiyyətli müharibə aparır. Qəsəbə-qəsəbə, kənd-kənd torpaqlarımız azad olunur. Digər tərəfdən isə müharibənin bitməsini gözləmədən, hər hansı bir sülh sazişi imzalanmadan artıq işğaldan azad olunmuş torpaqların bərpası və həmin ərazilərdəki infrastrukturun Azərbaycanın əsas infrastrukturuna bağlanması üçün gərəkən addımlar atır. Bu əvvəla onun göstəricisidir ki, Azərbaycan əldə etdiyi qələbənin daimiliyinə, əbədiliyinə inanır. Azərbaycanın hərbi-siyasi rəhbərliyi, hakimiyyət və şəxsən cənab Prezident əmindir ki, bu torpaqlar bir daha heç vaxt erməni işğalı altına qayıtmayacaq və bu torpaqlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsi kimi qalacaq". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri infrastruktur, sosial, ekoloji və estetik baxımından Azərbaycanın digər bölgələri ilə bərabərləşdiriləcəkdir: "Bütün Azərbaycan torpaqlarının unifikasiya prosesi gedir. Bir hissədə tamamilə dağıntılar, erməni vəhşiliyinin izləri, lakin digər tərəflərdə cənnətməkan olması bizim stilimiz deyil. Bütün bunlar Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bir daha Ermənistana qayıtmayacağının əminliyinin ifadəsidir. Bu həm də dövlətimizin iqtisadi gücünü göstərir. Biz bundan öncə qısa zamanda Şıxarx qəsəbəsini, Cocuq Mərcanlını yenidən qurmuşduq. Əsas ərazilərimizlə bərabər işğaldan azad olunmuş torpaqlarımızı da bərpa edib normal yaşayış həddinə qədər gətirib çıxaracağıq. Ən əsası isə biz ermənilərə göstəririk ki, torpağı bu cür saxlayarlar. Başqa ölkənin torpağını işğal edib orada narkotik əkib-becərmək üçün plantasiya kimi istifadə, narko-lobaratoriyalara, qanunsuz həbs düşərgələrinə və ya terrorçular üçün təlim düşərgələrinə çevirmək Azərbaycanın tərzi deyil. Azərbaycan torpaqla necə rəftar etmək lazım olduğunu gözəl bilir".

A.Quliyev vurğulayıb ki, həmçinin Xüdafərinin azad olunması Azərbaycan dövlətinin gələcəyə yönəlmiş çox böyük planlarından xəbər verir: "Xudafərinlə bağlı dövlətimizin planları hələ indi yox, 2016-cı ildə İranla imzalanmış razılaşmaya görə, "Qız Qalası" və "Xudafərin" Su Elektrik Stansiyalarının (SES) tikilməsindən başlayıb. Daha 4 il öncə Azərbaycan inanırdı ki, Xudafərin mütləq azad olunacaq. Xudafərinin qayıtması ilə İranla Azərbaycan arasında yeni bir kommunikasiya yaranır, həmçinin bütün regionda iqtisadi-ticarət, logistika imkanlarını bir-birinə bağlayan yeni bir körpü əmələ gəlir. Bu regionun ümumi geosiyasətini dəyişəcək. Bir sözlə təkcə İranın və Azərbaycanın yox, bütün Avrasiyanın iqtisadi və ticari imkanlarını daha fəal üzə çıxarılmasında Xudafərinin çox böyük rolu olacaq".