General-polkovnik Məhərrəm Əliyevin 69 yaşı tamam olur - TƏBRİK!

20 Oktyabr 2020 13:08 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin doğum günüdür.

Əliyev Məhərrəm Abış oğlu 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində dünyaya göz açıb. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edən Məhərrəm Əliyev 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Azərbaycana döndükdən sonra,1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparan Məhərrəm Əliyev 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. O, Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Məhərrəm Əliyev diplomatik vəzifə də daşıyıb. Belə ki, o 2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenanthərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib. 2012-2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilib və bir müddət həmin vəzifədə çalışıb.

General-polkovnik Məhərrəm Əliyev 2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilib və hazırda da bu vəzifəsini uğurla həyata keçirməkdədir.

Biz də fürsətdən istifadə edərək, "SƏS" Media Qrupunun rəhbər və işçi kollektivi adından çox hörmətli Məhərrəm müəllimə doğum günü münasibəti ilə ən xoş arzularımızı çatdırır, fəaliyyətində uğurlar arzulayır, Qarabağ cəbhəsində əldə edilən ardıcıl qələbələrimiz münasibəti ilə də təbrik edirik!

"SƏS" Media Qrupun kollektivi