Ermənilər "Qırmızı Kitab”a daxil edilmiş fauna və floranı məhv edib - Nazir

20 Oktyabr 2020 12:29 (UTC+04:00)

Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib. SİA-nın məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Beynəlxalq bitki sağlamlığı ili”nə həsr olunmuş bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir:

"İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilər tezliklə işğaldan azad olunandan sonra nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikası “QIRMIZI KİTABI”nın III nəşrinin hazırlanması və nəşri hazırlanır".