“Qaynar xətt”ə daxil olan şikayət əsasında sexin rəhbərliyinə məcburi göstəriş verilib

20 Oktyabr 2020 11:25 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”inə Binəqədi rayonu, 7-ci mikrorayon sakinləri tərəfindən yaxınlıqda yerləşən metaləritmə sexinin fəaliyyəti zamanı havaya tüstü və tozun yayılması ilə bağlı daxil olan məlumat şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən metaləritmə sexində qaz-toztutucu qurğunun quraşdırılmadığı səbəbindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub, tez bir zamanda qaz-toztutucu qurğunun quraşdırılması üçün sexin rəhbərliyinə məcburi göstəriş verilib.