Ermənistan regionu təhlükə mənbəyinə çevirib Pərviz Şahbazov

20 Oktyabr 2020 11:27 (UTC+04:00)

"Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək torpaqlarımızı işğaldan azad etdiyi bu tarixi günlərdə regionun təhlükəsizliyi və onun təmin olunmasında enerji amilinin rolu xüsusilə aktuallıq qazanır. Çünki hazırda ölkəmizin apardığı haqq savaşının əsas məqsədlərindən biri də ədalətin bərpası ilə yanaşı, Azərbaycanın səyləri nəticəsində regionda qazanılmış sabitlik və inkişaf mühitinin dayanıqlılığının təmin edilməsi və gələcək üçün təhlükələrin aradan qaldırılmasıdır". Bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Nazir bəyan edib ki, Ermənistanın təcavüzkar mövqeyi illərdən bəridir ki, Cənubi Qafqaz regionunun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib: "Ərazilərimizin işğalı beynəlxalq hüquq normalarının, bir milyon vətəndaşımızın insan hüquq və azadlıqlarının pozulması ilə bərabər, regionun imkanlarından, iqtisadi potensialından tam istifadəni də əngəlləyir, eyni zamanda əldə edilmiş nailiyyətlər üçün təhdidlər yaradır. Son hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasına, onun Əlavə protokollarının tələblərinə və humanitar atəşkəs razılaşmasına zidd olaraq Ermənistan tərəfindən dinc əhalinin, mülki obyektlərin, eləcə də strateji əhəmiyyətli enerji infrastrukturunun davamlı atəşə tutulması bunun bariz nümunələridir”.

Onun sözlərinə görə, terroru dövlət siyasətinə çevirmiş Ermənistan Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan və energetiklərin peşə bayramı üçün də tarixi əsas rolunu oynayan "Azərbaycan” İES-i, ölkəmizin ən böyük su elektrik stansiyası olan Mingəçevir SES-i də davamlı hədəfə alır, həmçinin yaşayış məntəqələrimizin raket atəşinə tutulması elektrik qurğularının və müxtəlif gərginlikli elektrik xətlərinin vurulması faktları ilə müşayiət olunur. "Yeni ərazilər uğrunda yeni müharibə" ritorikasını Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda yerləşən, regionu qərblə birləşdirən geosiyasi və iqtisadi əhəmiyyətli enerji-kommunikasiya xətlərinin keçdiyi Tovuz istiqamətində hərbi təxribatlar müstəvisinə keçirən Ermənistan bu günlərdə bənzər uğursuz cəhdlərini Yevlax istiqamətində də təkrarladı. Raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəmərinin seçilməsi ilə bu təxribatların miqyasca tək Azərbaycanla məhdudlaşmayan, regional və qlobal əməkdaşlığa, enerji təhlükəsizliyinə, beynəlxalq şirkətlərin və dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdi olduğunu bir daha göstərdi. Məlumdur ki, bu layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılsa da, missiyası etibarilə qlobal enerji təhlükəsizliyi sisteminin elementləridir. Bu sistemdə Azərbaycanın mövqeyini möhkəmləndirən və iqtisadi gücünü artıran digər bir layihənin - Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi bir tarixdə belə təxribatlar Avropanın diversifikasiya məqsədini də hədəfə almış olur. Ermənistanın məlum davranışları göstərir ki, regionun aydın gələcəyinin müəyyənləşməsi bu ölkənin aqressiyasına son qoyulmasından keçir”.

Nazir qeyd edib ki, bu gün Azərbaycanın hərbi və diplomatik gücü də işğalın aradan qaldırılmasına, ədalətin və regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib. "Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm.... Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu qətiyyəti, Ordumuzun davam edən qələbələri cəmiyyətimizin bütün üzvləri kimi energetiklərimizə də böyük ruh yüksəkliyi verir. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Biz azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmalıyıq”.