Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur Hüseyn Mahmudov

19 Oktyabr 2020 17:23 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təxribatlara başlayıb. Azərbaycan Ordusu vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq normaları çərçivəsində əks-həmlə əməliyyatı həyata keçirir. Düşmən humanitar atəşkəsdən toparlanmaq və işğaldan azad edilən əraziləri yenidən nəzarətə almaq üçün istifadə etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra - oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib. SİA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və xarici hərbi attaşelər üçün oktyabrın 19-da təşkil olunan brifinqdə deyib.

Brifinqdə iştirakçılara işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatlar və azad edilmiş ərazilər, Ermənistan ordusuna vurulmuş ziyan barədə məlumat verən general-mayor Hüseyn Mahmudov bildirib ki, düşmən təmas xəttindən xeyli uzaqda yerləşən şəhər və rayonlarımıza da raket və artilleriya zərbələri endirir, mülki şəxsləri hədəfə alır. Lakin Azərbaycan Ordusu yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə zərbə endirir: “Ermənistan ordusu işğaldan azad olunan ərazilərimizi yenidən zəbt etmək üçün ardıcıl hücumlar təşkil edir. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə olunur. Lakin Azərbaycan Ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin Su-25 təyyarəsini məhv etdi. Hazırda bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarəti altındadır. Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən düşmənin hərbi texnikalarının sayı Ermənistan ordusunun işğal altındakı ərazilərimizdə necə böyük hərbi qüvvə yerləşdirdiyini göstərir”.