Göydən üç bomba düşdü... Paşinyanın nağıllarının sonu TƏHLİL

19 Oktyabr 2020 17:30 (UTC+04:00)

Nikol Paşinyan guya millətin xilaskarı rolunu öz üzərinə götürərək gələcək minillikdə ermənilərin taleyini həll etməyi vəd etdi və nağıllar danışmaqla missiyasının bitdiyini zənn etdi hər zaman. Kasıblıq, xəstəlik, rəzalət içində son dövrə qədərki bütün dövrlərdə də erməni xalqının inlədiyi zaman onların ac qarnını ancaq vədlərlə doldurmaq baş nazir kürsüsünü zəbt edən küçə nümayişçisinin yeganə çıxış yolu, dırnaqarası strategiyası hesab olunub. Hər dəfə sual altından çıxmaq üçün ən asan yolun “nağıl danışmaq”, xalqı aldatmaq olduğu qənaətinə gələn Nikol Paşinyanın nağıllarının sonuna gəlib çatdı erməni cəmiyyəti.

Populism pəhləvanı olan bu avantürist düz iki ildir erməni xalqını sözün əsl mənasında barmağına dolayıb. İstiqlal Bəyannaməsi dedikdə guya erməni xalqının iradəsinə əsaslanan, müstəqil dövlətçilik qurma prosesi iddiası ilə çıxış edən Nikol yenə də xalq dediyi erməni toplumunu aldatdı. Çünki, reallıq bundan ibarətdir ki, bu gün Ermənistan sakinlərinin mütləq əksəriyyəti Rusiyanın bu ölkənin mövcud olmasının əsas qarantı olduğunu öz adı kimi yaxşı bilir. Rusiyanın rolu olmasa, Ermənistanın Azərbaycanın ayaqları altında rəzil duruma düşməli olduğunu yaxşı bilən ermənilər son hadisələrdə bunun bir daha əyani şəkildə şahidi oldu. Ölkəmizin obyektiv iqtisadi və demoqrafik göstəricilərini bilən işğalçı tərəf üçüncü tərəfin müdaxiləsi olmadan birbaşa toqquşma zamanı əhəmiyyətli itkilərlə üz-üzə qalmalı olacağını bilirdi və cəbhə xəttində baş verənlər zərrə qədər şübhə yeri də qoymadı. Hazırda Ermənistan tərəfinin təkcə canlı qüvvə deyil, hərbi texnika, silah-sursat və bir sıra maddi itgilər verdiyi günün reallığıdır və erməni cəmiyyəti yaxşı bilir ki, bu otuz il müddətində toplanılmış vəsaitlərin bərpası üçün Ermənistana bundan sonra heç otuz il də kifayət etməyəcək. Çünki, itgilərinin bərpası üçün bu işğalçı ölkənin elə işğalçılıq siyasətindən ziyədə bir dənə də olsun inkişaf, iqtisadi irəliləyiş, gəlir əldə etmək strategiyası yoxdur. Deməli, ümidləri belə puçdur və güman yeri də ola bilməz.
Silahları belə Rusiya tərəfindən borc olaraq təmin olunan Ermənistan ordusunun varlığından, onun gücündən, imkanlarından dəm vuran Paşinyanın sözlərinin bir heç olduğu, nəinki erməni cəmiyyətinə, bütün dünya ictimaiyyətinə də bəllidir. Ermənistanın baş nazirinin bir zaman şişirtdiyi “ordu” indi çarəsiz, əlacsız və həm də silahsız bir duruma düşüb. Əbəs yerə deyil ki, ölkəsini xilas etmək üçün Nikol gündə bir neçə dəfə dünya liderlərinə yalvarır. Telefonun dəstəyindən əlini üzməyən erməni baş nazir Fransa, Rusiya prezidentlərinin sözün əsl mənasında zəhləsini töküb. Təbii ki, Rusiyanın da, Fransanın da öz problemləri var və bu ölkələrin rəhbərlərinin özünəməxsus qayğıları da yetərincədir. Belə olan şəraitdə Nikolun gündə bir neçə dəfə yalvarış zəngləri zəhlə tökməyə bilməz və heç şübhəsiz ki, müzakirə mövzusu indi bu deyil. Müzakirə mövzusu erməni baş nazirinin öz ölkəsini, erməni cəmiyyətini populizmi, yalan vədləri, öz nağılları ilə aldatması və yekunda məhvə sürükləməsidir. Ermənistanın hələ də silah daşımaq arzusunda, niyyətində olan siyasi-hərbi hakimiyyəti kredit müqabilində aldığı və almağa çalışdığı sursata görə ölkəsini bundan sonra da hansı duruma, asılı vəziyyətə saldığını erməni cəmiyyəti də bilir. Ermənistanı durmadan belə asılılığa sürükləyən Paşinyan hansı müstəqillikdən, hansı istiqlaldan danışır? Belə borclanma, belə boyunduruq Ermənistan iqtisadiyyatını da Rusiyadan asılı edir. Ermənistanın asılılıq səbəbləri saydıqca bitən deyil və Nikol Paşinyanın müstəqillik nağılının da sonu nağıl ənənələrinin əksinə olaraq, xoşbəxt sonluq vəd etmir.

Məlumatları gizlətməklə ürəyi soyumayan Nikol və onun hakimiyyəti bu dəfə səlahiyyətlilərin qərarlarının müzakirəsini belə qadağan edib. Demokratiyadan, Ermənistanda söz azadlığından dəm vuran, bu ölkəyə ali dəyərlər gətirdiyini iddia edən biri dəyərlərə hörmət qoymur, hörmət qoymaq istəyənlərə qarşı repressiyaları da qanuniləşdirib. Qanun məsələsinə gəldikdə isə, nə ölkəsində qanuna yer ayırıb, nə də beynəlxalq hüququ hesaba alıb. Son günlərdə mülki, dinc əhalini artilleriya atəşinə tutan, Azərbaycanın ikinci böyük şəhərinin yaşayış binalarını hədəf alan, insan tələfatına rəvac verən birinin beynəlxalq hüququn norma və prinsplərinə hörmətsizlik, saymazlıq etdiyi, həm də beynəlxalq səviyyədə qanun pozuntuları yol verdiyi dünya ictimaiyyətinə bir daha əyan oldu. Əyan oldu ki, ali prinsipləri ayaqlar altına alan erməni liderləri, Ermənistan hakimiyyəti üçün siyasi spekulyasiya və populizm yeganə “ali” prinsiplərə çevrilib.

Hakimiyyəti zəbt etdikdən sonra şəhərlərin abadlaşdırılması və şəhər administrasiyaları tərəfindən inventar alınması üçün "artan" xərclərdən dəm vuran Paşinyan hansı əsasa görə bunu qürurverici hal kimi təqdim edirdi və guya bilmirdimi ki, bütün bu nəzərdə tutduqları ölkə əhalisinin sonda ödəyəcəyi milyonlarla kredit hesabına olacaqdı? Ən absurd olanı isə odur ki, bir zaman Nikol özü bu kredit müqavilələrinin əleyhinə səs verib. Yəni, əleyhinə olub. İndi nə oldu ki, əleyhinə olduğu bir məsələni nəinki gündəmə gətirdi? Buna yaxşı olar ki, ikiüzlü nağıl deyilsin. Çünki, nağılların da bir məntiqi ardıcıllığı olur axı, Nikolun nağıllarından fərqli olaraq.
Paşinyan dünya mediasında açıq-aşkar şəkildə bir kloun obrazında təsvir edilir. Verdiyi müsahibələri, absurd fikirləri, məntiqsiz ifadələri belə bir obrazın formalaşnasına şərait və zəmin yaradıb. Artıq Nikol nağıl uyduran biri kimi dünyaca məşhurdur desək yanılmarıq. Amma, onun nağıllarının faciələrə gətirib çıxardığı, “partlayışlarla” bitdiyi də bir həqiqətdir. Bu həqiqətləri Dağlıq Qarabağa zorla məskunlaşdırılan erməni əsillilər daha yaxşı bilirlər. Çünki, özgə torpaqlarına yerləşdirilən, sonra da bu torpaqları tərk etmək istəyərkən qadağalarla qarşılaşan ermənilər Azərbaycan Ordusunun öz torpaqlarımızı işğaldan, işğalçılardan azad etmə, terrorçulardan təmizləmə əməliyyatları zamanı bu həqiqətlərə daha yaxından əmin oldular. Heç şübhəsiz ki, ümidlərini inqilabçı Paşinyana bağlayan ermənilər, əslində, dövlət çevrilişi ilə hakimiyyətə gələn avantürist, fırıldaqçı, yalançı Paşinyanı xəyanətlərinə, yalanlarına görə bağışlamayacaq.

Qeyd etdiyimiz kimi, nağıllar hər zaman xoşbəxt sonluqla nəticələnir və nağılları dinləyənlərin də bu nağılları dinlədiyi zaman ən böyük təskinliyi elə məhz bu sonluğa ümid etməsidir. Amma, məsələ burasındadır ki, indi erməni cəmiyyətinin buna da ümidi yoxdur və bu cəmiyyət Paşinyanın qızıldan dağlar vəd edən nağıllarının sonunda fəlakətlərin olmasına alışıb. Xalqı gah işıq gələn, gah da it hürən tərəfə aparan küçə nümayişçisi, vəziyyətdən sui istifadə edən avantürist elə hakimiyyəti qamarlayandan sonra da öz xalqını ağlına gələn yerə sürükləməkdə davam edir. Nikol təmsil etdiyi kütləni it hürən tərəfə aparsa da, Soros kimi divin ağuşuna atdı və ona yem elədi. Qərbin oyunlarına alət olan küçə nümayişçisi hakimiyyət müqabilində ağalarının əmrinə müntəzir olaraq böyük rus qardaşlarına da təpik atdı və indi Putinə yalvarışları da mənasızdır. Çünki, onun mahiyyəti başda Rusiya prezidenti olmaqla bütün ruslara bəllidir.

Bir zamanlar rus nağıllarına qulaq asan, buna adət edən, adaptasiya olunan erməni əsgərinə Qərb nağılları danışan Paşinyan nağıllarının sonunda bu əsgərlərin təpəsinə göydən alma əvəzinə “bomba” düşürdü. Çünki, Azərbaycanın ədalətli, haqlı tələblərinə, ərazi bötövlüyümüzün təminatı üçün işğal etdikləri torpaqlardan işğalçıların, terrorçuların çıxarılması tələblərinə məhəl qoymayan Nikol, nəticədə bu əsgərləri qırğına verərək, analarının gözlərini yaşlı qoydu.

Ermənistan tərəfinin hərbçiləri Azərbaycan Ordusunun rəşadətli döyüşçüləri, hərbi texnikası, döyüş əzmi, vətənpərvərlik ruhu qarşısında hər dəfə itgilər vermək məcburiyyətində qaldı. Ermənistanın baş naziri onları hərbi texnika, hərbi təchizat bir yana, ən adi geyim və qida təchizatı baxımından da təmin etmədi və erməni əsgərlərini də öz nağılları ilə aldatdı. Bu gün Ermənistan tərəfi əsgərlərini zəncirlə bağlayaraq səngərdə, döyüş bölgəsində saxlayır və başlarına endirilən bombaları vecinə də almır. Hazırda erməni cəmiyyətinə hərbçi, canlı qüvvə itgisi barədə yalan informasiyar verənlər, ölən erməni əsgərləri barədə statistik rəqəmləri dəfələrlə az deyənlər, sosial şəbəkədə 5 min hərbçi yaxınlarını, qohumlarını axtaranlara, “onlar itgin düşüblər” deyənlər yenə də təmsil etdiyi xalqa nağıl danışırlar. Deməli, hələ bu nağıl erməni əsgərlərin başlarına göydən çox bombalar düşürəcək və buna görə onları nağıllarla aldadan Paşinyan özü və hakimiyyəti məsuliyyət daşıyır.
Ermənistanın təxribatları, dinc, mülki insanlara qarşı silah tətbiq etməsi, Gəncənin timsalında yaşayış məskənlərini hədəfə alması səbəbindən əhali, hətta körpə uşaqlar belə həyatlarını itirir, insanlar xəsaət alır, mal və mülklərindən olurlar. Bu terrorun fonunda da Nikol Paşinyan nağıllar danışmağa, bu əməllərini əsaslandırmağa çalışır. Bəzən nağıllarına Makron kimi bir Avropalı lideri, Fransa prezidentini də inandırmağı, bu nağıllarla onu da ovsunlamağı bacarır. Nağıllara, yalan informasiyalara, dezinformasiyalara inanan, yaxud inanmağı özünə rəva bilən Makron isə işğalçı ilə işğala məruz qalanı qarışdırır, ya da qarışdırmaq marağına düşür. Əslində, bu ölkə rəhbəri hər şeyi qarışdırır və bununla da başına gələcəklərini özü özünə rəva bilir, yaxud buna rəvac verir.

Dünyanın gözü qarşısında erməni terrorçularının törətdikləri qanlı terror aktlarının fonunda Ermənistanı dəstəkləyən Fransa lideri nüfuzunu sıfıra və hətta ondan da aşağı səviyyəyə endirir. Nəinki Avropa ölkələri, eləcə də dünya dövlətləri, bu dövlətlərin rəhbərləri, beynəlxalq qrurumlar Makronun Nikol adlı bir küçə nümayişçisinin əlində marianet kimi alətə çevrildiyini müşahidə edirsə, bu heç də Fransa prezidenti üçün müsbət, xoşagələn hal deyil. Əksinə, beli çantalı bir küçə nümayişçisinin nağıllarına qulaq asıb, onun oyuncağına çevrilməklə, Makron Qoca Qitədə körpə uşaq imicini özünə rəva bilir. Nəticə etibarı ilə bu Makronun nüfuzuna, imicinə zərbə deməkdir. Makronun timsalında yuyulmamış qaşıq kimi ortaya düşənlər, ədalət prinsplərini saymayanlar, beynəlxalq hüquqa hörmət etməyənlər, işğalçı ilə işğala məriz qalana eyni dərəcədə yanaşanlar, bir çox hallarda ikili standartlar nümayiş etdirənlər özlərini gözdən saldılar. Azərbaycanın haqlı olduğu münaqişəyə ikiüzlülük nümayiş etdirən, işğalçının əməllərinə göz yuman bir sıra siyasilər, hətta qurumlar özləri barədə mənfi imic formalaşdırdılar. Nəticədə isə, Ermənistan kimi bircə dənə də olsun faydalı layihəsi olmayan, qlobal əhəmiyyət daşımayan yararsız bir dövlətə, işğalçı rejimə görə öz nüfuzlarını ayaqlar altına alanların elə bu aspektdə də təpələrinə Nikolun nağıllarının sonunda alma əvəzinə düşən bombalardan biri düşdü. Çünki, belə siyasilərin, beynəlxalq qurumların bundan sonrakı sənədləri bütün dünya üçün kağız parçasından başqa bir mahiyyət kəsb etməz və bütün bunlar nəticədə onların sonunu proqnozlaşdırır.
İki il bundan əvvəl küçə və meydanlarda bağıra-bağıra ali dəyərlərdən dəm vuran, dövlət çevrilişi edib hakimiyyəti qamarladıqdan sonra isə bu dəyərləri ayaqları altına atan beli çantalı birinin hər boş vədinə ümid bəsləyən işğalçı rejim bəs nə gözləyirdi? Yoxsa bu işğalçı rejim elə zənn edirdi ki, Nikol adlı bir küçə nümayişçisi onların işğal etdikləri torpaqları onlar üçün mühafizə edə biləcək? İki il ərzində hər dəfə görüşlərdə ağlına gələni danışan, məntiqsiz, absurd fikirlər səsləndirən, bu səbəbdən hər dəfə gülünc olan biri hansı potensialı ilə diplomatik qələbələrə ümid edə bilərdi? Qələbələri başına dəysin, bu adam axı təlxək obrazında idi və yalanı rahatlıqla danışmağa öyrəşmişdi. Erməni cəmiyyəti, ələlxüsus həmin o işğalçı rejim ağ buğda unundan çörək yeməyi yox, Nikolun vədlərini yemək kimi bir çeçim etdi. Az qala otuz ilə yaxın bir müddətdə Dağlıq Qarabağda məskinlaşan həmin o işğalçı rejimə həqiqətlər, Azərbaycan Ordusunun qüdrəti, üstünlüyü barədə həqiqətlər çatdırılmadı. Nikol onlara da özünəməxsus yalanlar danışmağı tərcih etdi, həqiqətləri gizlədərək. Nəticədə erməni baş nazirinin bu nağılı da özləri üçün bədbəxt sonluqla bitməli oldu. Elə bu bədbəxt sonluöun təsirindəndir ki, bu rejim özü-özünü daxildən parçalamağa, dağıtmağa başlayıb və nəticə də partlayış kimi dəqiq bir effekt verməlidir. Belə bir partlayışın isə Nikolun özündən yan keçəcəyi heç ağlasığan deyil. Çətin ki, aləmə papış tikən həmin o işğalçı rejimin, şeytani qurumun əlindən Nikol paşinyan çıxa bilsin. Az qala 30 il müddətində işğalda saxladıqları torpaqların, min bir üzsüzlüklə əldə etdiləri silah-sursatın, hərbi texnikanın, maddi bazanın Nikolun nağıllarına görə əllərindən getdiyini həmin o işğalçı rejim təsəvvür etdiyi anda bu dəfə dediyi nağılların sonunda alma yerinə düşən üçüncü bomba həmin o işğalçı rejimlə bərabər Paşinyanın öz təpəsinə düşəcək. Erməni cəmiyyəti sadalanan bombalara əmin ola bilərlər. Çünki, məntiqi nağıllarının sonunda göydən alma düşəcəyi söz verilirsə, absurd, məntiqsiz, özü də taleyüklü nağılların, Nikol Paşinyanın nağıllarının sonunda, onun Azərbaycan torpaqlarını işğalda saxlamaq niyyətinin fonunda göydən ancaq öz təpələrinə bomba düşə bilər ki, artıq proses çoxdan başlayıb...