“AfD”-nin Hitlerizm ideologiyası və terrorçu Ermənistan sevgisi ANALİTİK + FOTOLAR

19 Oktyabr 2020 13:19 (UTC+04:00)

Bu ultra-sağçı partiyanın ideoloji prinsipi Adolf Hitlerin “Mein Kampf” kitabı üzərinə qurulub

Məlum olduğu kimi, Almaniya Bundestaqının “AfD” (Almaniya üçün Alternativ) adlı ultra-sağçı və neofaşizm ideologiyası üzərində fəaliyyət göstərən partiyasının deputatları - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao artıq son günlərini yaşayan və rəsmi terror siyasəti yürüdən təcavüzkar Ermənistanın əlaltısı, quldur “dqr”-ə səfər edərək, oranın saxtakar, terrorçu “liderləri” ilə görüşlər keçiriblər. Əslində, belə bir səfərin Azərbaycanın öz əzəli torpaqlarını azad etməsi ərəfəsində baş tutmasının arxasında digər kirli, hiddət doğuran məqamlar var və bu məqamların hər birinin kökündə islomafobiya, ksenofobiya, iqrçilik kimi amillərin dayandığı da sirr deyil. Daha dəqiq desək, neofaşistlik, nasizm siyasətini özünə xətt seçən, milyonlarla insanların həyatına son qoymuş Adolf Hitlerin “Mein Kampf” kitabını isə ideoloji prinsipi olaraq təqdim edən “AfD”nin terrorçu Ermənistanla aşkar iş birliyinə getməsi bilavasitə terrora dəstək vermək məqsədinin bariz sübutudur. Yəni bu gün Ermənistan Gəncə də daxil olmaqla, Azərbaycanın dinc şəhərlərini, cəbhədən kilometrlərlə kənar yaşayan mülki əhalisini hədəfə alırsa, bu şəhərləri və insanları ortamənzilli, dağıdıcı raketləri ilə viran qoyub, qətlə yetirirsə, bu məqamda adıçəkilən nasist alman deputatları da “dqr”ə səfər edirlərsə, demək ki, terrora dəstək göstərirlər. Halbuki, artıq beynəlxalq təşkilatlar, ayrı-ayrı nüfuzlu siyasi xadimlər, ölkə liderləri baş verənləri pisləyərək, hiddətlərini bəyan ediblər. Bu isə həm də belə bir nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, “AfD” partiyasını təmsil edən deputatların məlum səfərləri Almaniyanın rəsmi mövqeyi hesab edilə bilməz. Belə ki, Almaniya dövlət olaraq, Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanıdığını bəyan edir.

Qaregin Njdenin abidəsi önündə təzim edib, diz çökən “AfD”çilər Ermənistanın dövlət siyasətinə çevrilmiş terrorçuluq maraqlarını dəstəkləyirlər

Ancaq bu da faktdır ki, “AfD” təmsilçiləri işğalçı Ermənistanın terror, təcavüzkarlıq siyasətini dəstəkləyən ilk addımlarını atmırlar və bu partiyanın təmsilçiləri daha əvvəllər də istər Ermənistan, istərsə də “dqr”lə sıx təmaslarını qurublar. Hətta yüz minlərlə insanın qanını tökən, faşist Almaniyasının hərbi-siyasi rəhbərliyinin sağ əli hesab edilən Qaregin Njdenin abidəsi önündə baş əyib, qarşısında təzim də ediblər...

Misal üçün, daha bir faktı da xatırlada bilərik ki, məhz 2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqları, eyni zamanda Bundestaqın və Avropa Parlamentinin “AfD”çi deputatlarının sırasından işğal altında olan torpaqlarımıza bir neçə qanunsuz səfərlər qeydə alınmışdı. Bundan əlavə, Bundestaqın “AfD” fraksiyasının nümayəndələri 2018-ci ildə Almaniyaya səfər etmiş işğal altında olan ərazilərimizdə yaradılmış qanunsuz, quldur rejimin "parlament deputatları” ilə Bundestaqda görüşmüş, eləcə də onları Brandenburq federal torpağının Landtaqına 01.09.2019 tarixində keçirilmiş seçkilərə dəvət etmiş və erməni mətbuatı bunu "Artsax” nümayəndələrinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı kimi təqdim etmişdir, halbuki, bu cür seçkilərə bir qayda olaraq xarici müşahidəçilər dəvət olunmurlar.

Əbəs deyil ki, Avropanın bir sıra sağlam düşüncəli siyasiləri, habelə siyasi beyin mərkəzləri “AfD”ni islamafob, antisemitist, irqçi, antidemokratik partiyası adlandırırlar

İndi isə gələk “AfD”nin Almaniyada hansı nüfuza sahib olmasına. Yuxarıda da qeyd etdiyimiz kimi, neofaşizm üzərində fəaliyyət göstərən bu partiyanın əsas məqsədlərindən biri də Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, Avropa İttifaqının səlahiyyətlərini azaltmaqdan ibarətdir. Əbəs deyil ki, Avropanın bir sıra sağlam düşüncəli siyasiləri, habelə siyasi beyin mərkəzləri “AfD”ni islamafob, antisemitist, irqçi, antidemokratik və "BREXİT partiyası” da adlandırırlar, yəni Avropanın ümumi siyasi xəttinə zidd təşkilat kimi tanıyırlar. O cümlədən, Almaniyanın əsas siyasi partiyaları və qurumları “AfD”nin fəaliyyətini ölkənin ana yasa quruluşuna əks-siyasət yürütməkdə ittiham edirlər.

Daha bir fakt budur ki, Almaniyada həm federal hökumət, həm də federal torpaqların hökumətlərinin qurulması prosesində “AfD” ilə koalisiya qurulması və ümumiyyətlə, bu partiya ilə hər hansı formada əməkdaşlıq edilməsi digər bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq istisna edilir, bu əməkdaşlıq təhlükə hesab edilir, habelə əməkdaşlıq olarsa, onun digər partiyaların imicinə ciddi xələl vuracağı bildirilir. Təkcə bir xatırlatmaya diqqət yetirək. Belə ki, Bundestaqda hər fraksiya üçün bir vitse-prezident vəzifəsi nəzərdə tutulsa da, üç il əvvəl - 2017-ci ildə seçilmiş Bundestaqın cari çağırışında “AfD” fraksiyası bu vəzifəyə 4 müxtəlif namizədini plenar iclasda indiyədək keçirilmiş 10 səsvermədə seçdirə bilməmişdi. Almaniyanın əks-kəşfiyyat qurumu olan Federal Konstitusiyanı Müdafiə İdarəsi sağçı ekstremist mövqeyinə görə “AfD”ni müşahidəyə götürmüşdü. Həmçinin Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin keçmiş direktoru Hans-Qeorq Maassen “AfD” rəhbərliyi ilə keçirdiyi xidməti görüşlərinə görə ictimai qınaqlara davam gətirməyərək istefa verməli olmuşdu. Avstriyada pornoqrafik, eləcə də qatı irqçilik, ifrat qeyri-nsanilik təbliği edən videoçarxlar qalmaqalı ilə hökumət böhranı yaratmış “FPÖ” partiyası ilə “AfD”nin sıx tərəfdaşlıq etməsi və sözügedən qalmaqaldan sonra belə “FPÖ”yə dəstəyini ifadə etməsi də “AfD”nin mənfi imicini şərtləndirən faktlardan biridir. Beləliklə, “AfD”çilərin sağçı populist, irqçi, anti-semitist və islamafob qüvvə olmasına dəlalət edən çoxlu sayda fakt məlumdur.

“AfD”çilər onlarla insanın qətlini həyata keçirən norveçli terrorçu Anders Breyviklə eyni fəlsəfəni bölüşürlər

Xatırlatmaq yerinə düşərdi ki, Bundestaqın mövcud çağırışında 3 komitənin (büdcə, turizm, hüquq) rəhbərliyinə “AfD”çi deputatlar gəlsələr də, Hüquq komitəsinin sədri Ştefan Brandner (Stephan Brandner) ötən il özünün antisemit və sağçı ekstremist çıxışlarına görə komitə üzvləri tərəfindən vəzifədən uzaqlaşdırılmışdı.

Bundestaqın Sosial-Demokratlar (SPD) fraksiyasının nüfuzlu deputatı Yohannes Karsın (o, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri kimi tanınıb) Bundestaqdakı son çıxışlarından birində “AfD”çiləri sərt tənqid etməsi “AfD” fraksiyasının üzvü Bitriks fon Ştorx (Beatrix von Storch) tərəfindən əllə başını kəsmək işarəsi ilə qarşılanmışdı.

2019-cu ildə işğal altında olan torpaqlarımıza qanunsuz səfər etmiş Bundestaqın deputatı Ştefan Koyter (Stefan Keuter) Almaniya ictimaiyyətində nasist və anti-semitist şüarlardan həvəslə istifadə etdiyinə görə ad qazanıb. O cümlədən, onunla səfər yoldaşı olmuş Brandenburq Landtaqının deputatı Andreas Kalbits (Andreas Kalbitz) “AfD”nin sağçı ekstremist qanadını təmsil edir və onun müxtəlif sağçı ekstremist və neonasist təşkilatlarla əməkdaşlıq etdiyi məlumdur.

Nəticə isə budur: Ultra-sağçı milliyyətçi və nasist “AfD”çilər öz proqramlarını həm də islamafob çalarlar üzərində qururlar. Onlar müsəlman miqrantları Almaniya və Avropa üçün təhlükə adlandırırlar və bu baxımdan, onlarla insanın qətlini həyata keçirən norveçli terrorçu Anders Breyviklə eyni fəlsəfəni bölüşürlər.

“AfD” üzvü Lars Patrik Berq Ermənistana səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində Dağlıq Qarabağı "xristianlığın beşiyi” və "xristian inancının qalası” adlandırıb

“AfD”çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar. Məsələn, Baden-Vürttemberq Landtaqının üzvü kimi hələ 2017-ci ildə Dağlıq Qarabağa qanunsuz səfər etmiş və hazırda Avropa Parlamentinin deputatı olan Lars Patrik Berq (Lars Patrick Berg) Ermənistana səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində Dağlıq Qarabağı "xristianlığın beşiyi” və "xristian inancının qalası” adlandırıb.

Maraqlı məqam isə həm də budur ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan alman KİV-i belə terrorçu, işğalçı Ermənistanla “AfD” arasındakı əməkdaşlığına tənqidi mövqedən yanaşıb, habelə “AfD”çilərin qanunsuz səfərləri barədə məhz Azərbaycanın maraqlarına xidmət edən informasiyalar yaymaqla haqq və ədalətin yanında olduqlarını sərgiləyiblər. Görünən həm də budur ki, “AfD”çilərin beynəlxalq hüquqa hörmətsizlik etməsi, başqa ölkələrin qanunlarını pozması və onların ərazi bütövlüyünü şübhə altına alması alman mətbuatı tərəfindən həvəslə qabardılır və sərt şəkildə tənqid olunub, çox yəqin ki, bu dəfə də belə olacaq.

Rövşən RƏSULOV