Türkiyənin NATO-dan çıxarılması üçün qətnamə təqdim edildi

19 Oktyabr 2020 11:40 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasına Türkiyəni Şimali Atlantika Müqaviləsi İttifaqından (NATO) çıxarmaq üçün qərar layihəsi təqdim olunub. SİA xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.

Bildirilib ki, qətnaməni ABŞ Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard təqdim edib.

Qətnamənin hazırlanmasına səbəb olaraq rəsmi Ankaranın Dağlıq Qarabağdakı hərbi əməliyyatlara görə Azərbaycana dəstək nümayiş etdirdiyi göstərilir.

Qeyd edək ki, Türkiyə NATO-ya 1950-ci ilin may ayında üzvlük üçün müraciət edib. İkinci müraciət isə 1950-ci ilin avqustunda olub. 1951-ci il 15 sentyabrda Ottavada keçirilən NATO Nazirlər Şurası Türkiyə və Yunanıstanın qəbul edilməsinə qərar verib. Türkiyə Böyük Millət Məclisi 1952-ci il 18 fevral tarixində Şimali Atlantika Müqaviləsi və Protokolunu qəbul edib.