Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 40 milyon nəfəri ötüb

18 Oktyabr 2020 18:58 (UTC+04:00)

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 40 milyon nəfəri ötüb.

SİA pandemiyanın statistikasını aparan "Worldometer.com" saytına istinadən xəbər verir ki, oktyabrın 17-də dünya üzrə 372 min 552 nəfər, oktyabrın 16-da isə rekord sayda – 413 min 175 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin ötən sutka ərzində 5 min 567 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib.

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 40 milyon 55 min 705 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 115 min 898 nəfərə çatıb. Eyni zamanda, 29 milyon 951 min 723 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 8 milyon 988 min 84 xəstədən 71 min 987 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 8 milyon 345 mini ötüb. Hindistanda 7 milyon 504 min, Braziliyada 5 milyon 224 min, Rusiyada 1 milyon 399 min, İspaniyada isə 982 min yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 224 min 295 nəfər. İlk beşliyə daxil olan Braziliyada 153 min 690, Hindistanda 114 min 154, Meksikada 86 min 59, Böyük Britaniyada isə 43 min 579 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.