Əslən Füzulidən olan Zamiq: “Mənə “qaçqın” dedilər, məktəbə getmədim”

17 Oktyabr 2020 14:25 (UTC+04:00)

Əslən Füzulidən olan müğənni Zamiq Hüseynov işğaldan azad olunan Aşağı Əbdürrəhmanlı kəndindən danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində bəhs edərək illər öncəyə geri dönüb: “30 ildir Azərbaycan xalqı bu günü gözləyir. Bu günlərdə tarixi günlər yaşayırıq. Bizə bu günləri yaşadığı üçün Ölkə Başçımız İlham Əliyevin, Ordumuzun, şəhid analarının qarşısında baş əyirəm.

İllər öncəyə geri dönəndə səhhətim pisləşir, kövrəlirəm. Biz kənddən çıxanda 7 yaşım var idi. Füzulidən çıxanda bir çamadan belə götürə bilmədik. Hazırda məndən uşaqlıq şəkillərimi kimsə istəyəndə deyirəm ki, yoxdur. Çünki bütün şəkillərim evimizdə yandı. Füzuli ermənilər tərəfindən işğal olunan zaman əsgərlər atama deyirdi ki, evdən çıxın, təhlükəlidir. Atam getmirdi. Amma evimizə top atanda atam anladı ki, doğurdan da vəziyyət yaxşı deyil.

Nənəmlə yola çıxdıq. Əsgərlər bizə kömək etdi. Horadizə gətirdilər. Bir neçə gün orada qaldıq. Ardınca Saatlıya köçdük. Çadırda məskunlaşdıq. 7 il davamlı orada yaşadıq. Nənəmlə Saatlıya gələndən aylar sonra bildim ki, valideynlərim yaşayır. Onlardan ayrı düşmüşdüm.
Atam Saatlıda mənim adımı məktəbə yazdırdı. Orada 2-3 gün məktəbə gedəndən sonra uşaqlar mənə “qaçqın” dedilər. O, sözü qəbul edə bilmədim. “Qaçqın” sözündən sonra atama dedim ki, “Daha məktəbə getməyəcəm”. O, anlar mənim üçün böyük travma idi”.