“Kavkazskiy uzel” Tərtər və Ağdamdakı erməni vəhşiliyindən yazdı FOTOREPORTAJ

16 Oktyabr 2020 12:46 (UTC+04:00)

İşğalçı Ermənistanın Azərbaycanın mülki əhalisinə və dinc şəhərlərinə, rayonlarına qarşı dövlət miqyasında törətdiyi terror aksiyaları davam edir. Artıq onlarla vətəndaşlarımız törədilən qanlı terrorlar nəticəsində öldürülüb, yaralanıb. Təkcə cəbhə bölgəsindən kilometrlərlə uzaqda olan Gəncə şəhərinin raket zərbələri ilə hədəfə alınması, insanlarımızın həyatlarını itirməsi, eyni zamanda, Mingəçevir şəhərinin də bu kimi hallara məruz qalması qeyd olunan faktlar sırasındadır. Düşmənin top və raket atəşlərinin zərbələri altında qalan hədəflərdən biri də Tərtər və Ağdam rayonlarıdır. SİA xəbər verir ki, “Kavkazskiy uzel” saytı bu rayonardan reportaj hazırlayıb və mülki sakinlərin belə bir çətin şəraitdəki həyatları ilə maraqlanıb, erməni vəhşiliyinin daha bir ifşasını ortaya çıxarıb.

“Atəş altına Azərbaycanın dövlət televiziyasının çəkiliş qrupu da düşüb, sürücü xəsarət alıb”

“İntensiv artilleriya atəşləri nəticəsində Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrində dinc sakinlər arasında ölənlər və yaralananlar var, evlər və mülki infrastrukturlar dağılıb. Atəş altına Azərbaycanın dövlət televiziyasının çəkiliş qrupu da düşüb, sürücü xəsarət alıb”, deyə yazan sayt qeyd edir ki, onlara bu barədə AzTV-nin reportyoru Elnur Tofiq danışıb.

“Atəş nəticəsində Tərtər rayonunun Düdərli kəndində məktəb dağıdılıb”, “Kavkazskiy uzel”in müxbirinə danışan azərbaycanlı reportyor həmin əraziyə çəkiliş aparmaq üçün getdiklərini bildirib: “Biz orada olanda yenidən atəşə başlanıldı. Açılan atəşlər o qədər güclü idi ki, çəkilişləri aparmaq təhlükə yaradırdı. Ona görə də kəndi tərk etmək qərarına gəldik. Avtomobilimizə tərəf qaçarkən qəlpələr sürücümüz Namiq Qəmbərovu yaraladı. Maşın da zədələnmişdi, ön şüşəsi qırılmışdı. Biz özümüzlə yaralanmış yerli sakini də götürdük. Çünki həmin anda kənddə başqa nəqliyyat yox idi. Biz onu Tərtər şəhərinə apararaq, həkimlərə təhvil verdik. Həmin gün boyu atəşlər davam edib”.

"Tərtər artilleriya atəşləri ilə yanaşı, həm də raket zərbələrinə məruz qalıb"

“Kavkaskiy uzel”in müxbiri Tərtərin Şıxarx qəsəbəsinin də intensiv atəşə məruz qaldığını yazıb. Onlara bu barədə yerli sakin Ağa Babayev məlumat verib.

“Bizim qəsəbə qaçqın və məcburi köçkünlər üçün tikilmiş 34 beş mərtəbəli binalardan ibarətdir. Bu müasir binalar bütün rahatlıqları ilə təmin olunublar. Lakin gündəlik olaraq atılan mərmilər səbəbindən həmin binaların hamısı zədələnib. Yalnız üç bina salamat qalıb ki, onlar da digər binaların arxalarında yerləşir. Binalar xəsarət almayıb, lakin bütün mənzillər dağıdılıb”, yerli sakin müxbirlə söhbətində deyib və onu da bildirib ki, bir çox sakinlər binaları tərk edərək, Tərtərin digər hissəsində yaşayan yaxınlarının yanına, ya da qonşu Bərdəyə gediblər. Yerdə qalanlar isə demək olar ki, hər zaman binalar üçün tikilmiş bomba sığınacaqlarında olurlar.

Tərtərin İcra hakimiyyətindən isə saytın müxbirinə bildirilib ki, gün ərzində kəndlərə və şəhərə 520-yə yaxın mərmi atılıb. Nəticədə bir sakin ölüb, səkkiz nəfəri isə yaralanıb.

Oktyabrın 14-də səhər saatlarında isə Tərtər artilleriya atəşləri ilə yanaşı, həm də raket zərbələrinə məruz qalıb və nəticədə rayon sakini Ədavət Axundov ölüb. O, evinə düşmüş mərmi nəticəsində ölümcül yara almaqla həyatını itirib.

Ağdamın Qərvənd kənd sakini: “Biz həyətlərdə bomba sığınacaqları düzəltmişik. Onların üzərini möhkəm materiallarla örtüb, üzərinə torpaq səpmişik”

Ağdam rayonunu da intensiv atəşə məruz qaldığını yazan “Kavkazskiy uzel”in reportyoru sakinlərlə görüşüb və onların fikirlərini öyrənib. “Bizim kəndə və ətrafına 40-a qədər mərmi düşüb, onlardan 4-ü şəxsi evləri və həyətlərini dağıdıb”, deyə Ağdamın Çəmənli kənd sakini Azər Əzizov bildirib.

Rayonun Qərvənd kənd sakini Səməd Şəmiyev isə saytın müxbirinə bildirib ki, gecə sakit keçsə də, sübh tezdən düşmən ağır silahlardan atəş açmağa başlayıb. “Bizimkilər də cavab atəşi açırdılar. Biz qonşu kəndlərdə mərmilərin partlayış səslərini eşidirdik”, deyən kənd sakininin sözlərinə görə, yerli sakinlər həyətlərdə bomba sığınacaqları düzəldiblər: “Biz həyətlərdə bomba sığınacaqları düzəltmişik. Onların üzərini möhkəm materiallarla örtüb, üzərinə torpaq səpmişik. Orada bizim bir sıra ehtiyat azuqələrimiz, qidalar və sular var”.

“Amma buna baxmayaraq, əgər insanlar sığınacaqlarda özlərini qoruya bilirlərsə, mal-heyvanı qorumaq qeyri-mümkündür. Kəndin digər tərəfində mərminin partlaması nəticəsində bir inək ölüb. Son günlər isə çox gücü atəşə tutuluruq. Yaxşı ki, mərmilərin çoxu kəndin üzərindən uçaraq boş ərazilərə düşür, yoxsa dağıntılar və ölüm halları daha çox ola bilərdi”, kənd sakini Şəmiyev “Kavkazskiy uzel”in müxbirinə deyib.

Rövşən RƏSULOV