İrəli, Azərbaycan əsgəri!

13 Oktyabr 2020 16:16 (UTC+04:00)

4 oktyabr 2020-ci il. Həmin gün çoxdan gözlədiyimiz bir müjdə gəldi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşımında bu sözlər yazmışdı:

"Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!".

Həmin günün sabahı daha bir şad xəbərlə açıldı. Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad olunan daha bir neçə kəndinin və strateji yüksəkliyinin adını açıqladı:

"Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!".

-Budur, rəşadətli Ordumuzun sentyabr ayının 27-dən başlayan əks-hücumu ilə təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərimizi azad edir, addım-addım böyük qələbəyə yaxınlaşırıq. Fitnəkar düşmənin iç üzü, yaramaz xisləti bir daha özünü göstərir. Qəhrəman döyüşçülərimizin qarşısında duruş gətirməyən soysuzlar yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan, o cümlədən iri çaplı artilleriyadan atəşə tutur. Bunun nəticəsində dinc əhali, o cümlədən qocalar, qadın və uşaqlar həyatlarını itirirlər. Düşmən son nəfəsdə olduğunu yaxşı anlayır. Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Ordumuz erməni mövqelərini darmadağın edir.

Bizi- Qarabağ həsrətilə köksü göynəyən, qəlbi sızlayan anaların ağrılarının məlhəmini Siz tapdınız, əziz Ali Baş Komandanım! Qətiyyətiniz, Vətən sevginizlə, dünyamızın bu qarışıq dolanbaclarında ən doğru yolu, ən düzgün siyasəti Siz böyük bilik və təcrübəniz sayəsində əməlinizlə sübut etməkdəsiniz. Bütün xalq- böyüklü-kiçikli, qocalı-cavanlı Sizin yanınızdadır. Oğullarımızın qorxmazlığı, cəsarətilə bütün analar öyünür.

Sona yetsin Qarabağ həsrətimiz. İnsanlarımız doğma yurdlarına qayıtsın. Bu ülvi arzumuz, şükrlər olsun ki, yerinə yetmək üzrədir.

Erməni xisləti bütün dünyaya daha da aşkar oldu. Bu millətin qorxaq, hiyləgər, namərd, əzazil sifətini bütün dünya gördü. Müharibə qanunlarının əksinə olaraq mülki əhalimizi qətl etməsi, yaşayış və inzibati binaları atəşə tutması, dağıtması onların Ordumuz qarşısında acizliyidir- bunun başqa adı yoxdur. Döyüşlərin başlandığı günə kimi hərbi-texniki arsenalının gücündən, ordusunun qüdrətindən dəm vuran qatil Ermənistan rəhbərliyi bu günlər Azərbaycanın müzəffər yürüşünün qarşısını almaq üçün dünya dövlətlərindən acizanə surətdə kömək umur, yalvarıb-yaxarır. Bilmirlər ki, daha dünya dəyişib. Havadarları nə qədər çalışsalar da, onların qarşısında ən əvvəl BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi ən tutarlı hüquqi əsas kimi durur. Bu beynəlxalq hüquqi sənəd Ermənistandan işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeydsiz-şərtsiz çıxmasını tələb edir.

Döyüş meydanlarında qəhrəman əsgər və zabitlərimizin hünər dastanı yazılmaqda davam edir. Diplomatik sahədə haqq işimiz dünya dövlətlərinə çatdırılır, müdafiə olunur. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev hər iki cəbhədə əzmlə çalışıb, reallığı bütün incəlikləri ilə beynəlxalq ictimaiyyətə çatdırır. Yüksək siyasi bilik və təcrübəsi, qətiyyətli mövqeyi ilə Azərbaycanın haqlı mübarizəsini davam etdirir.

Hamımızın qəlbi bir amalla döyünməyindən, bir hədəfə köklənməyimizdən gözəl nə var? Cənab Prezidentimiz nə qədər haqlıdır- Biz birlikdə güclüyük! Qarabağ həsrətimizə də elə bu Sarsılmaz Birlik, Tükənməyən Güc son qoyacaq! Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik!

Könül Məmmədova, YAP Şamaxı rayon təşkilatının şura üzvü