Seçkilərdə Cozef Bayden qalib gələrsə... - ANALİZ

13 Oktyabr 2020 15:31 (UTC+04:00)

"ABŞ-da İrana qarşı münasibətdə Demokratlar Respublikaçılardan daha yumşaq mövqe sərgilələməsi ilə fərqlənir. Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi siyasətin mahiyyəti bəllidir. ABŞ İranı qeyri-qanuni yolla nüvə enerjisinə və silahına yiyələnməkdə ittiham edir. Bu mənada Ağ Evin rəsmi Tehranın siyasətindən narahatlığının mahiyyəti də anlaşılandır. Çünki İran nüvə silahına yiyələnəcəyi təqdirdə bölgənin geosiyasi reallıqları kifayət qədər dəyişəcək. Tehran hakimiyyəti şiə inqilabının ixracı ilə bağlı məsələlərdə daha münasib və əlverişli imkanlar əldə edəcək. Təbii ki, bölgə dövlətlərinə münasibətlərin mahiyyətində də köklü dəyişikliklər baş verə bilər". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, İran Birləşmiş Ştatların bölgədə sərgilədiyi siyasətə əks siyasi mövqe sərgiləyir: "ABŞ-ın yeni dünya nizamı ilə bağlı gosiyasi layihəsinin perspektiv reallıqları İranı heç cür qane etmir. Bu mənada zaman-zaman ABŞ-ın İrana qarşı sanksiya etməsi İranın dünya neft və qaz bazarına ixrac imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Təbii ki, bu baş verərsə, İranın maliyyə problemləri yaranacaq və Birləşmiş Ştatların Tehran hakimiyyətinin banklarına tətbiq etdiyi sanksiyalar ona güclü təsir edəcək. Nəzərə almaq lazımdır ki, İranın nüvə proqramı ilə bağlı gördüyü işlər böyük vəsaitlər tələb edir. Birləşmiş Ştatların İranın neft, qaz və bank sektoruna tətbiq etdiyi sanksiyalar yeni dünya nizamı layihəsinin perspektivləri və rəsmi Tehranın ABŞ siyasətinə qarşı sərgilədiyi mövqe ilə bağlıdır. Amma ABŞ-a qarşı İran tək deyil və onu dəstəkləyən dövlətlər var. Məhz bunun sayəsində İran hər dəfə ABŞ-ın sanksiyalarından bir formada yayına bilir. Ona görə də ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar səmərəli nəticə vermir".

Politoloq bildirib ki, Respublikaçıların və Demokratların zaman-zaman İrana qarşı sərgilədikləri mövqeyə və onun doğurduğu reallıqlara, burada müəyyən fərqlər olub: "Hələ Barak Obama iqtidarı dönəmində İranın nüvə enerjisi ilə bağlı çalışmalarına dair “5+1” formatında danışıqlar getdi. Əslində Obama iqtidarı dönəmində ABŞ- İran münasibətlərində bir yumşalma hiss olunurdu. Bunun da öz səbəbi vardı. Belə ki, Obama bilərəkdən İranla yaxınlaşmağa çalışırdı ki, rəsmi Tehranla Kreml və Pekinlə münasibətlərində çat əmələ gəlsin. Hətta İranın müəyyən məsələlərdə güzəştə gedəcəyi təqdirdə ona maliyyə və kreditlərin veriləcəyi də bildirilmişdi. Amma Trampın xarici siyasəti, ümumiyyətlə, Obamanın və Demokratların xarici siyasətindən fərqlənir. Tramp bəyan etdi ki, ABŞ-ın indiyədək yürütdüyü Yaxın Şərq siyasəti kökündən yanlış olub. Əslində Tramp etiraf etdi ki, Birləşmiş Ştatlar İraqa və Əfqanıstana girməklə ciddi səhvə yol veriblər. Ona görə də Tramp ABŞ-ın həmin bölgələrdən qoşunlarını çıxardacağını bildirdi. Amma Tramp dönəmində İrana qarşı münasibətlər daha da sərtliyi ilə müşahidə olunur. Əslində, Tramp demək istəyir ki, Obama dövründə İranla Rusiya arasında çat yaratmaq siyasəti bir nəticə vermədi. Ona görə də İrana qarşı sanksiyalar tətbiq edir. Güman edirəm ki, Tramp İrana qarşı sərt siyasəti ilə həm ABŞ elektratının eyni siyasi xətti tutanlarının səsini qazanmaq istəyir, həm də Demokratların elektrotına bəyan etməyə çalışır ki, onların zamanında Tehrana qarşı yumşaq münasibət heç bir nəticə vermədi. Əksinə, İran bu istiqamətdə çalışmalarına davam etdi".

Ekspert hesab edir ki, əgər ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərində Cozef Bayden qalib gələrsə, İrana qarşı Obamanın siyasətini təkrar edəcək: "Cozef Bayden Obama iqtidarı dövründə vitse-prezident idi. Heç şübhəsiz ki, Obamanın İranla bağlı yürütdüyü xarici siyasətin məsuliyyətinin bir hissəsi də Baydenin üzərinə düşürdü. Baxmayaraq ki, ABŞ-da vitse-prezident formal bir vəzifədir. Senatın işlərinə rəhbərlik edir və prezidentin olmadığı dönəmdə daha aktiv fəaliyyət göstərir. Amma bununla yanaşı Obamanın sərgilədiyi siyasətə görə Bayden də məsuliyyət daşıyırdı. Şübhəsiz ki, Bayden Obama dövəmində İrana qarşı aparılan siyasətin bir daha tətbiqinin tərəfdarı olacaq. Hillari Klinton da seçkilərdə Baydeni ciddi dəstəkləyir. Hesab edirəm ki, Bayden hakimiyyətə gələrsə, İranla bağlı siyasəti Obamanın tətbiq etdiyi xarici siyasətin təkrarı olacaq".