Nizamı pozulmuş dünyada nizamı yenə türk bərqərar edəcək!

12 Oktyabr 2020 12:22 (UTC+04:00)

Heç bir təfərrüata varmadan Gəncə şəhərinin gecənin bir yarısı, insanların yuxuda olduğu bir zamanda hayların raket atəşinə tutmasını gözlənilən bir hadisə kimi dəyərləndirirəm. O zaman gözlənilməz olardı ki, dinc insanları Azərbaycan ordusu, türk ordusu raket atəşinə tutardı. Xislətini, daxilini, ciyərinin içini belə bildiyimiz erməni faşizmindən bu və bundan da dəhşətli vəhşiliklər görmüşük və görməyi də hər zaman gözləməliyik.

O da gözlənilməz deyil ki, vəhşiliyin ən pik nöqtəsi olan bu fakta, dünyaya haqq-ədalətdən moizə oxuyan dövlətlər hələ də ciddi bir münasibət sərgiləməyiblər. Xocalıda törətdiklərinə seyrçiliklə yanaşıb, yüz il əvvəl ermənilərin sözdə guya soyqırıma məruz qalmalarını (Kaş elə soyları qırılaydı...) ən yüksək səviyyələrdə tanıyan və pisləyən bu dövlətlərdən də nəsə gözləmək sadəlövhlük olardı. Bir nəfərin “qanunsuz” həbsindən narahatlıq keçirib, onu azadlığa buraxdırmaq üçün əqidələri kimi “əyriplan”la uçub gələn, utanıb-qızarmadan onun azad edilməsini xahiş eləyən firəng başbilənləri, bir atışla nə qədər dinc sakinin, əksəriyyəti qadınlar olan sivil insanların ölümünə, yenə əksəriyyəti qadın və uşaq olan yüzlərlə sivil insanın yaralanmasına səbəb olan bir topluma niyə dodaq tərpətmir? Ona görə ki, Azərbaycanda həbs edilən həmin “sivil” də erməni idi və firənglərin erməni sevgisindən ona pay düşmüşdü. Əslində sevgi yox, erməni lobbisinin əlində “morianetka” olmalarından irəli gəlir bütün bunlar. Hələ onu demirik ki, məhz firənglər canfəşanlıq edərək Rusiya və ABŞ-ı da işə qoşmaqla Azərbaycanı haqlı savaşdan çəkindirmək məqsədilə “atəşkəs”(?)-ə nail olduqdan 14 saat sonra baş verir bu olay. Firənglər kimi dünya gücləri sırasında olduqları hesab edilən bu ölkələrin də təzyiqi altında qəbul edilən “atəşkəs” bumu? Niyə dilinizi qarnınıza, nə bilim haranıza dürtüb durmusunuz? Niyə biriniz sual vermirsiniz ki, ay altda qalan dığa, səni dartıb altdan çıxardıq ki, durub bu qələti və ya qələtləri eləyəsən?
Oxucum bəzi kəlmələrə görə məni bağışlasın. İçim odlanır. Təkcə ona görə yox ki, millətimin bu qədər dinc sakini ermənilərin əli ilə qanlarına qəltan ediliblər.Yuxarıda dedim, bu, ermənilərdən hər zaman gözlənilən vəhşilikdir və nə yazıqlar ki, torpağımızdan pay verib onlara dövlət qurdurub dünyaya çıxarandan bu
yana belə qətliamları çox görmüşük. Məni daha çox odlandıran odur ki, həyasızcasına haqq-ədalət deyib bağıran dünya gücləri erməni qələtlərini tamamən görməzdən gəlirlər.

Uzaq tarixə getməyəcəm. Lap son onilliklərdə dünyada baş verənlərdən bir-iki misalı atüstü xatırladacam. Gürcüstana qarşı Rusiya, Abxazları və Osetinləri müdafiə etdi, bütün qərb dünyası töküldü Rusiyanın üstünə ki, sən Gürcüstanın ərazi bütövlüyünə xələl gətirirsən. Ukraynada Krımla və Donbasla bağlı da, rusların hərəkətinə görə hücum çəkdilər, az qala dünya savaşı qoparacaqdılar. Suriyada, Əfqanıstanda, Vyetnamda, Koreyada, Kubada, Venesuelada... və sair, və ilaxır ölkələrdə də həmçinin. Amma Azərbaycanın ərazi bütövlüyü, Anadolu türkləri demiş, söz konusu olunca başqa mənzərənin şahidi oluruq. Yəni qərblə rus olurlar cici-bici. Nədən? İndi bu nədəni anladığım qədər deyim, bilin.

Dünya min illər boyu insanlığı idarə etmiş qədim bir millətin – türkün yenidən dirçəlişini görür. Dünyanı yalnız ədalətin tərəzisi ilə idarə edən türklərin yenidən dünyada söz sahibi olması və dünyada ədaləti bərqərar etməsi, dünyanın nizamını pozmağa çalışan, ədalət tərəzisini özlərinin xeyrinə cəm əyən bu güclərə sərf eləmir. Belə olarsa zəif, fağır millətləri və dövlətləri müxtəlif bəhanələrlə necə soyub xəzinələrini doldura bilərlər? Qüdrətli Türkiyə ilə qədim Turan ellərinin arasında yovşan kolu kimi bitən (daha doğrusu, bitizdirilən) erməni bunların hamısı üçün ələdüşməz imkan yaradır. Və bu imkanı əldən buraxmayan dünya gücləri bütün digər məsələlərdə düşmən mövqeyində olsalar da, erməni məsələsində eyni zindana vururlar.

Vursunlar. Vay o gündən ki, o zindanı əlinizdən alıb, əlinizdəki zindandaşını da öz başlarınıza döşəsinlər. Unutmasınlar ki, türkün dünya gücü olduğu artıq danılmaz faktdır. Bunu Suriyada, Liviyada sübut etdi. Gərəksə firənglərin küyünə gedib ortaya düşən yunanlara da, ermənilərə də göstərəcək. Çünki türk, müqəddəs kitablarda qeyd olunduğu kimi, haqqın və ədalətin ən böyük dayağı olan ulu tanrının yer üzündəki vuran qoludur. Nə zaman dünya, insanlıq nizamından çıxıbsa, türk irəli durub və pozulmuş nizamı bərqərar edib. Yenə edəcək. Buna kimsədə şübhə olmasın. Ya hər kəs nizama gələcək, haqqa,ədalətə boyun əyəcək, ya da türklər onların əyilməz boyunlarını haqq və ədalətin önündə əyəcək. Buna adım kimi əminəm. Həm də təkcə mən yox, dünyada yaşayan, yarısı yuxuda, yarısı ayılmaqda olan və böyük bir hissəsi çoxdan ayılan yarım milyardlıq türkün hər biri əmindir!

Təhmasib Novruzov