Arxa cəbhədə müharibə

9 Oktyabr 2020 17:10 (UTC+04:00)

Məqsədli provakatorlarla yanaşı, xeyir vermək istəyərək, savadsızlıqdan və ya ağılsızlıqdan zərər vuranlar da neytrallaşdırılmalıdır

Azərbaycan Ordusunun işğal edilmiş Qarabağda anti-terro əməliyyatlarına başlaması cəbhədə qızğın döyüşlərlə yanaşı, media və internet məkanında informasiya və təbliğat müharibəsini də alovlandırıb.
Xalqımızın beynəlxaql dillərdə bilən hissəsi qlobal media və internet məkanında mübarizə aparır, Azərbaycanla, Qarabağla bağlı həqiqətləri çatdırmaq, Ermənistanın saxtakar və terrorçu mövqeyini sanballı arqumentlər, savadlı mülahizələr, müqayisəli faktlar və sənədlərlə ifşa etməklə məşğuldur. Ədalət naminə demək lazımdır ki, ilk dəfədir informasiya müharibəsində üstün mövqedəyik və məhz bu şəxslərin əməyi ilə dünya ictimaiyyətinin fikrinin obyektiv formalaşmasına nail oluruq.
Feysbuk, Tvitter, Kontakt, Yutub kimi sosial şəbəkələrdəki müzakirələrdə çox gərgin mübarizə gedir. Müşahidələrimə görə, aparılan təbliğatlar nəticəsində bir çox ölkələrdə başqa xalqların nümayəndələri artıq problemə obyektiv mövqedən yanaşır, erməniləri isə yalnız ermənilər özü müdafiə edir.
Heç bir xarci dil bilməyənlər isə daxili informasiyaları ötürmək, xalqımızı ruhlandırmaq, müzakirələr aparmaqla məşğuldurlar. Bu da 1-ci qədər də olmasa vacibdir. Düzdür, ölkədə yüzlərlə media orqanı bu işlə məşğul olur və əslində, bu qrupa ehtiyac da qalmır, amma hər halda bunlar xeyir verməyə çalışır, zərər vurmur.
Lakin daha 2 qrup da var ki, bunlar dövlətimizin və xalqımızın maraq və mənafelərinə bilərəkdən və ya bilməyərəkdən ciddi zərbələr vururlar.
1-ci qrup düşmənə və bəzi xarici dairələrə işləyən məqsədli provakatorlar, nüfuz agentləri şəbəkəsidir. Onlar bu həssas məqamda xalqda dövlətə qarşı inamsızlıq və qorxu yaratmağa çalışır, psixoloji terrorla məğul olurlar. Bunlarda DTX fəal şəkildə məşğul olur və zərərsizləşdirir.
2-ci qrup isə guya, xeyir vermək istəyərək, savadsızlıqdan və ya ağılsızlıqdan zərər vuranlardır. Belələri hər əlinə gələn məlumatı mənbəyinə baxmadan, məqsədinə varmadan paylaşır, bununla da özləri də bilmədən 1-ci qrupun əlində alətə çevrilirlər.
Savadı və dünyagörüşü az olan kütləni yönəltmək üçün xüsusi mərkəzlərdə hazırlanmış peşəkar provakatorlar var ki, internet məkanı onlar üçün çox böyük imkanlar açıb. Cəmi 5-10 nəfər peşəkar provakator kifayətdir ki, minlərlə insanı idarə edib öz məqsədlərinə işlətsinlər. Bir iki saxta vətənpərvərlik boşboğazlığı çığırmaq kifayətdir ki, sənin hər dediyinə inansınlar.
Ordunu, dövləti dəstəkləmək feysbukda boşboğazlıq etmək, hər əlinə keçən paylamaq, vətənpərvər şüarlar yazmaq deyil. Ordunu, dövləti elə dəstəkləmirlər. Bəs necə edirlər? Şərif demişkən, bu saat mən sizə "sübutalni, dakumentalni" başa salım.

Ön cəbhədə müharibə gedəndə, arxa cəbhədə xalq sakitcə, vicdanla və fədakarlıqla Qələbə üçün işləməlidir. Bu dövrdə, sözdə yox, əməldə milli birlik nümayiş etdirmək, rüşvət almamaq, bir-birinin ayağının altını qazmamaq, müxtəlif yardımlar toplayıb cəbhəyə göndərmək, Silahlı Qüvvələrə Yardım Fonduna pul keçirmək, informasiya müharibəsində qalib gəlmək üçün mübarizə aparmaq və bu kimi faydalı işlərlə məşğul olmaq lazımdır.
Vaxtilə qalib gəldiyimiz Böyük Vətən Müharibəsində heç şou göstərildi? Xeyr! Əvəzinə yuxarıda dediyim işləri gördülər. Və qalib gəldilər! Tamaşanı axırda göstərdilər - Qızıl Meydandakı Qələbə Paradında. Bütün digər müharibələr də belə olub.
Problemin həllini üzərinə götürmüş, lakin 25 ildir bizi barmağına dolayaraq Qarabağın Ermənistanda qalmasına şərait yaradan ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərin Bakıdakı səfirlikləri qarşısında, BMT-nin nümayəndəliyi qarşısında da iş görmək olar.
Məsələn, Amerika səfirliyi qarşısında aksiya keçirmək tələb etmək olar ki, işğalçı Ermənistana etdiyin yardımlar bir yana, özün demokratiyadan, terrora qarşı olmaqdan danışa-danışa işğal olunmuş Qarabağdakı terrorçu rejimə hər il rəsmi kanallarla on milyonlarla dollar açıq maliyyə yardımını niyə göstərirsən?
Fransadan soruşmaq olar ki, Ermənistana və Qarabağdakı terrorçu rejimə siyasi dəstəyi, hər il xeyli silah və pul yardımını niyə verirsən?
Rusiyadan soruşmaq olar ki, Ermənistana işğal etdiyi ərazilərdən çıxması üçün niyə təzyiq etmirsən?
BMT-dən soruşmaq lazımdır ki, sən nədən ötrüsən, məgər sənin vəzifən dünyadakı problemləri həll etmək deyilmi? Sənə hər il filan qədər üzvlük haqqını niyə veririk ki? Niyə işğalçıya, terrorçuya qarşı səsini çıxarmırsan, tədbir görmürsən?
Müharibəni ağılla və fədakarlıqla udurlar. Başqa heç bir yolla qalib gəlmək mümkün deyil. Qələbənin sadə formulu var. Ordu əzmlə döyüşür, arxa cəbhə, yəni, xalq fədakarlıqla qələbə üçün işləyir - Cəbiş müəllim kimi! Böyük Vətən Müharibəsindəki məşhur şüarda deyildiyi kimi - "Hər şey Cəbhə üçün, hər şey Qələbə üçün!"
Cəbiş müəllimləri çox olan xalq qalib gəlir.
Biz bu müqəddəs müharibədə qalib gəlməyə məhkumuq.

Başqa yolumuz yoxdur.

Elçin Bayramlı