Diplomatlarımız Londonda təşkil olunmuş xeyriyyə yarmakasında iştirak ediblər

13 May 2011 10:52 (UTC+04:00)
10-11 may tarixində Londonda CFAB (Uşaqların və Ailələrin Qorunması) təşkilatı tərəfindən xeyriyyə xarakterli 52-ci ənənəvi Beynəlxalq Yaz Yarmarkası keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfirliyində məlumat veriblər.
Yarmarkada Londonda akkreditə olunmuş 70-ə yaxın diplomatik nümayəndəlik iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyi ölkəmizə aid milli suvenirlərdən ibarət stend, həmçinin milli musiqi nümunələrinin canlı ifası ilə təmsil olunmuşdur.
Kral ailəsinin nümayəndələri və Böyük Britaniyanın nüfuzlu ictimai xadimlərinin qatıldığı yarmarkanın rəsmi açılış mərasimində Səfir Fəxrəddin Qurbanov iştirak edib.
Yarmarkada Azərbaycan stendi və milli musiqi nümunələrimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, nümayiş etdirilən suvenirlərdən əldə olunmuş vəsait CFAB-ın uşaqlara yardım fonduna köçürülüb.