Ramil İskəndərli
"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri
Cari ilin 28 sentyabr tarixində xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suveren ərazilərində fəaliyyət göstərərək, Azərbaycanın müdafiəsini təşkil edir. Bu müdafiə xarakterli olan əməliyyatlardır. Burada da əsas məqsəd təmas xəttinə yaxın, kompakt şəkildə yaşayan mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək və Ermənistanın bu kimi təxribatlarının qarşısını almaq üçün əks-həmlə tədbirləri həyata keçirməkdir. Hətta bu əməliyyatları sülhə məcbur etmə (Peace Enforcement) əməliyyatı da adlandırmaq olar. Bu yolla Ermənistan nəhayət ki, sülhə məcbur edilsin və danışıqlar prosesində də konstruktiv şəkildə iştirak etsin". Əgər beynəlxalq hüquqa müraciət etsək, görərik ki, Azərbaycan Respublikasının apardığı işğala son və sülhə məcburetmə əməliyyatları tam legitim xarakter daşıyır. Belə ki, BMT Nizamnaməsinin VII fəslinin müddəalarına əsasən, bir qayda olaraq, məcburi hərəkət elementlərindən istifadə olunmaqla, hər hansı bir dövlətin təcavüzünün və ya beynəlxalq sülhə və təhlükəsizliyə qarşı təhdidedici hərəkətlərinin qarşısını almaq məqsədi ilə, yaxud münaqişə edən tərəflərin və ya ərazisində münaqişə gedən dövlətin müvafiq orqanlarının beynəlxalq birlik tərəfindən müdaxiləyə razılığı olmadan həyata keçirilən sülhün bərqərar olması istiqamətində aparılan əməliyyatlardır. Bu əməliyyatlar yalnız BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanaraq aparıla bilər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bildiyimiz kimi, BMT Təhlükəsizlik Şürasının 4 qətnaməsi qəbul edilmişdir. Qətnamələrdə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və işğal olunmuş rayonlarda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Azərbaycanın işğala məruz qalmış ərazilərindən çıxarılmasını tələb edirdi.
Hal-hazrıda Azərbaycan məhz bu qətnamələrin sülhə məcburetmə doktrinası çərçivəsində BMT-nin həm 51-ci maddəsi təsbit edilən özünümüdafiə hüququndan istifadə edərək, eyni zamanda BMT Nizamnaməsinin Vİİ fəslində nəzərdə tutulan ədalətli sülhə məcburetmə əməliyyatlarından istifadə icrası ilə məşğuldur. Beynəlxalq təcrübədə məhz sülhə məcburetmə doktrinasından bir neçə hallarda istifadə olunmuşdur. Nümunə olaraq 1995-ci il Deyton razılaşmalarına əsasən Bosniya-Herseqovinada bu prinsip tətbiq olunmuşdur. O zaman ölkə faktiki olaraq "Serb Respublikası" və müsəlman-xorvat Bosniya və Herseqovina Federasiyasına bölünmüş və aralarında münaqişə mövcud olmuşdur. Lakin sonda sülhə məcbur etmə tədbirləri nəticəsində Bosniya və Herseqovina daxilində yaradılmış separatçı "Serb Respublikası" rejimi sülhə məcbur edildi və münaqişə həll olundu.
Digər nümunə kimi ingilislər və irlandlar arasında– Ulster münaqişəsini misal gətirmək olar ki, burada iyirminci əsrin əvvəllərindən bəri bu ərazinin İrlandiya Respublikasına birləşdirilməsini tələb edən katoliklərlə İngiltərəyə sadiq protestantlar arasındakı olan qarşıdurma olmuşdur. Məhz sülhə məcbur etmə tədbirləri nəticəsində hal-hazırda sözügedən ərazi İrlandiyaya birləşdirilməmişdir. Sülhə məcburetmə konsepsiyası BMT-nin sülhməramlı qüvvələri tərəfindən Afrika ölkələrində müxtəlif dövrlərdə baş vermiş silahlı münaqişələr zamanı BMT Nizamnaməsi və BMT-nin sülhməramlı doktrinası kontekstində tətbiq edilmişdir.
1990-cı il avqustun 2-də İraqın Küveytə hərbi müdaxiləsindən dərhal sonra bu ölkəyə qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə sanksiyalar tətbiq edildi, icrasına başlandı və 2003-cü ilədək davam etdi. Sanksiyaların davam etməsi nəticəsində İraq hakimiyyəti Küveytlə mübahisəli ərazilər məsələsində də geriyə addım atmağa məcbur oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi və sülhə məcburetmə mexanizmlərinin təxirə salınmadan işə salınması ilə bağlı Kamboca, Şərqi Timor, Ruanda, Somali, Yuqoslaviya kimi presedentlərini də nümunə gətirə bilərik. Son olaraq qeyd etmək olar ki, müharibənin başlanması çox asandır, amma sona çatması çox çətindir. Sülh prosesi hər zaman mürəkkəbdir və demək olar ki, heç vaxt münaqişənin tam həllinə gətirib çıxarmır. Sülhə məcburetmə əməliyyatlarının keçirilməsi münaqişənin məhz tam ədalətli həlli üçün mühüm əhəmiyyət daşıyır.